“Bu müsahibələr ermənilərin beynəlxalq ictimaiyyətə yönəlik təbliğat maşınını darmadağın etdi” – Vüqar Zifəroğlu

Globalinfo.az Azərbaycan Mətbuat Şurası sədrinin müavini, BDU jurnalistika fakültəsinin dekanı, siyasi şərhçi Vüqar Zifəroğlunun müsahibəsini təqdim edir:

– Vüqar bəy, informasiya texnologiyalarının sürətlə inkişaf etməsi, insanların informasiyalara əlçatanlığının asanlaşması öz növbəsində bir çox problemin də yaranmasına səbəb olur. Bu problemlərdən biri də fake news, yəni saxta xəbərlərdir. Bu problemin qarşısını necə almaq olar?

– Ümumiyyətlə dezinformasiyalarla mücadilə müasir jurnalistikada ən aktual və vacib problemlərdən biridir. Şuşada keçirilən Qlobal Media Forumda da bu problemlə bağlı maraqlı çıxışlar və müzakirələr oldu.

Əsasən rəqəmsal platforma, yeni rəqəmsal texnologiyalar həm dezinformasiyalar, həm də kontent manipulyasiyalar üçün geniş imkanlar açır. Digər tərəfdən də sosial media amili var.
Təsadüfi deyil ki, artıq bir sıra ölkələrdə media ilə bağlı qanunlara məhz sosial media, dezinformasiyaların yayılması ilə bağlı bir sıra maddələr əlavə edilməkdədir. Siyasi və iqtisadi rəqabət “informasiya müharibəsi”nə çevrilir, feyklər və manipulyasiya halları getdikcə daha təbii hal alır. Heç şübhəsiz ki, burada sosial media da öz təsirini göstərmiş olur. Beləliklə, “xəbər çirkliliyi” və “cəmiyyətin xəbər ekologiyası” problemləri ilə yanaşı, “rəqəmsal irqçilik”, “rəqəmsal nifrət” kimi yeni qavramlarla da qarşılaşmaqdayıq.

– Fake news problemi son zamanlar xüsusilə özünü daha çox dövlətlərarası münasibətlərdə göstərir. Misal üçün, 44 günlük müharibə zamanı erməni dezinformasiya maşını hər gün saxta xəbər istehsal edirdi. Belə bir yanaşma var ki, İkinci Qarabağ müharibəsi zamanı erməni fake news-larına qarşı mübarizə yetərincə effektiv olmadı. Siz necə düşünürsünüz, bu, həqiqətən belədir?

– Mən deməzdim ki, 44 günlük Vətən müharibəsi zamanı ermənilər informasiya müharibəsində bizim informasiya məkanımıza dezinformasiya və fake news-lə sıza bildilər. Məsələn, 2016-cı ilin aprel döyüşləri və ya 2014-cü ilin avqust döyüşləri zamanı bu daha açıq və nəticəli müdaxilələr hesab oluna bilər. Bu zaman informasiya müharibəsinin müxtəlif modellərini tətbiq etməklə, əslində müəyyən məqsədlərinə çatmış olurdular. Lakin İkinci Qarabağ müharibəsində məhz sistemli, eyni zamanda təşkilatlanmış işin qurulması, ermənilərin informasiya məkanımıza etdiyi həmlələri özlərinə qarşı çevirdi və hətta ciddi şəkildə onların informasiya məkanına öz təsirini göstərmiş oldu.

Xatırlayarsınız, müharibənin haradasa 12-13-cü günündə artıq ermənilər özləri obyektiv və doğru xəbərlərin ünvanı olaraq məhz Azərbaycan media seqmentini göstərirdi və erməni mediasının öz ictimaiyyətinə belə yalan xəbərlər yaydığını bildirən paylaşımlar edirdilər. Burada ən vacib amil cənab Prezidentin beynəlxalq media quruluşlarının nümayəndələrinə verdiyi müsahibələrdir.

– Ölkə başçısı 44 günlük müharibə zamanı verdiyi müsahibələrlə erməni fake news-larını, dezinformasiyaları təkbaşına susdurmuşdu…

– Bu müsahibələr birmənalı şəkildə ermənilərin beynəlxalq ictimaiyyətə yönəlik təbliğat maşınını darmadağın etdi. Prezidentin tvitter üzərindən qələbə müjdəli paylaşımları isə cəbhədə, ön xətdə baş verən proseslərlə bağlı erməni tərəfinin ortaya atdığı dezinformasiya və feyklərin yayılmasının qarşısının alınmasında önəmli rol oynadı.

Mən bu məqamda bizim həmkarlarımızın da cəbhə bölgəsindən təqdim etdikləri reportajları, süjetləri, canlı bağlantıları vurğulamaq istəyərdim. Və təbii ki, Müdafiə Nazirliyinin əməliyyatlarla bağlı yaydığı məşhur videogörüntüləri vurğulamalıyıq. Yəni gördüyünüz kimi informasiya müharibəsində də cənab Prezidentin rəhbərliyi ilə “Dəmir Yumruq” öz sözünü demiş oldu.

– Vüqar bəy, iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulmuşdu. Dezinformasiya və fake news-lə mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi kimi mövzular forumda müzakirə edildi. Bu mövzuların müzakirəsi qeyd edilən neqativ halların qarşısının alınması baxımından effektiv olacaq?

– Antik dünyanın böyük alimi Arximedin “Mənə dayaq nöqtəsi göstərin, dünyanı yerindən tərpədim”, – məşhur kəlamını hamımız eşitmişik. Yeni dövrdə, rəqəmsal texnologiya ilə media, az qala dünyanı hərəkətə gətirəcək əsas dayağa çevrilib. Medianın əhəmiyyəti və təsiri isə dövrümüzdə müzakirəyə ehtiyacı olmayan bir həqiqətdir. Texnologiyanın inkişafı medianın sürətlə böyüyən gücə çevrilməsinə şərait yaratmaqdadır. Bunun nəticəsində isə günümüzdə dünyanın aparıcı güc mərkəzlərinin məlumatlandırma və yönləndirmə təsir gücünə görə mediaya ehtiyacı var.

Təəssüf ki, dövlətlər arasında psixoloji, siyasi və mədəni müharibələr artıq silah və güllə ilə deyil, media ilə aparılır. Beynəlxalq konqlomeratlar amansız rəqabət müharibəsində medianın gücünə arxalanır, yeni bazarlar əldə etmək üçün medianın gücündən istifadə edir. 20-ci əsrin sonu, XXI əsrin əvvəllərində dünyada davam edən qloballaşma prosesi bütün sahələrdə olduğu kimi jurnalistikaya da böyük təsir göstərdi, bu sahədə ənənəvi yanaşma və məzmunun dəyişməsinə səbəb oldu. Kütləvi kommunikasiya vasitələrində müəyyən edilmiş prinsiplər daha yeniləri ilə əvəz olundu. İnformasiyanın toplanması, işlənməsi və hazırlanmasında yeni metodların tətbiqi, media idarəetmə sxemlərində dəyişikliklər və s. KİV-in yeni keyfiyyətə keçməsinə və cəmiyyətdəki rolunun güclənməsinə səbəb oldu. Media məhsulu dinamik interaktiv multimediaya çevrildi.

Dövrümüzdə qlobal kommunikasiya sahəsinin intensiv inkişafı müsbət dəyişikliklərlə yanaşı mənfi xüsusiyyətləri ilə də özünü göstərməkdədir. Bu mənada Şuşada keçirilən Qlobal Media Forumu olduqca əhəmiyyətli idi və yaddaqalan oldu. Təsəvvür edin ki, forumda jurnalistlər olaraq bizi düşündürən, beynəlxalq jurnalistikada bu gün üçün aktual problemlər panellərdə müzakirə edildi – media savadlılığı, manipulyasiyalar və dezinformasiyalarla mübarizə, media və informasiya savadlılığı, süni zəka və jurnalistika, klassik medianın gələcəyi və bununla bağlı narahatlıqlar, yeni media və klassik media münasibətləri, sosial media və sair. Bu mövzularda maraqlı çıxışlar, yaddaqalan müzakirələr, fikir mübadilələri oldu.

Müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən Qlobal Media və Siyasət Araşdırmaları İctimai Birliyinin “Xəbəri yoxlamamış inanma! Saxta xəbərlərin yayılması və onlara qarşı mübarizə tədbirlərinin təşkili” layihəsi çərçivəsində dərc olunub. Müsahibədə səslənən fikirlərə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi heç bir öhdəlik və məsuliyyət daşımır.

Turan Rzayev
Globalinfo.az