“Rusca 11 sentyabr” dünyanı qorxuya saldı – Ən amansız təşkilat geri qayıdır?

Globalinfo.az politoloq Əlimusa İbrahimovun müsahibəsini təqdim edir:

– Almaniyanın federal daxili işlər naziri Nensi Faser ölkəsinin İŞİD təhlükəsi ilə üzləşdiyini bildirib. Qeyd edib ki, söhbət İŞİD-in Xorasan regional qolundan gedir. Ümumiyyətlə, qərb ölkələri “Krokus Siti Holl”da baş verən terror aktına görə İŞİD-i ittiham edir. Bəs reallıq necədir?

– İŞİD Moskva yaxınlığındakı terror aktına görə məsuliyyəti üzərinə götürüb. Qərb kəşfiyyatının məlumatına görə, terror aktının arxasında İŞİD-in Əfqanıstan qolu – İŞİD-Xorasan və ya Vilayət Xorasan (terrorçu kimi tanınıb və dünya dövlətləri tərəfindən qadağan olunub) dayanır.

“Krokus Siti Holl”dakı terror aktından sonra sosial şəbəkələr – İŞİD-lə əlaqəli informasiya xarakterli hesabatlar, qrupun Krasnoqorskdakı kütləvi hücumda iştirakı ilə bağlı sübutlar dərc etməyə başladılar. İnternetdə hücumu törədənlərin lentə alındığı güman edilən, konsert məkanına gələnlərin qətliamını əks etdirən videolar peyda olub.

– İŞİD-in Xorasan regional qolunun adı tez-tez çəkilir. Kimdir onlar?

– Xorasan müasir Əfqanıstan, İran, Özbəkistan, Tacikistan və Türkmənistan ərazisində yerləşir.

“Krokus”a hücum öz taktikası, həcmi və qurbanların sayı baxımdan 2015-ci il noyabrın 13-də Parisdə törədilən terror aktlarına, o cümlədən “Bataclan” konsert zalında yaşanmış qırğına bənzəyir. O zaman da “İslam Dövləti” 130-dan çox insanın həyatına son qoyan terror aktına görə məsuliyyəti üzərinə götürərək hadisəni “Fransızca 11 sentyabr” adlandırmışdı.

Əfqanıstan və Pakistandakı hücumlarda, 2024-cü il yanvarın 3-də general Qasım Süleymaninin öldürülməsinin ildönümündə İranın Kirman şəhərindəki qəbiristanlıqda törədilən terror aktında onun dəsti-xətti var.

Ümumilikdə İŞİD-in Xorasan regional qolu 30-dan çox terror aktına görə məsuliyyət daşıyır və qrupun ən qəddar və aktiv regional hücrələrindən biri kimi tanınır. Onun həyata keçirdiyi terror aktlarının əhəmiyyətli bir hissəsinin səciyyəvi xüsusiyyəti kamikadzelərin iştirakı və partlayıcı qurğuların istifadəsi ilə bağlıdır. Amma arsenalda edamlar və adam oğurluğu da yer tutur.

İŞİD-in Xorasan regional qolu tərəfindən qurban və yaralananların sayına görə ən qanlı hücum 26 avqust 2021-ci ildə Kabil hava limanında həyata keçirilib. Taliban hərəkatının Əfqanıstanda hakimiyyətə gəlməsi və ABŞ qoşunlarının ölkədən çıxarılması fonunda Kabil hava limanı evakuasiya üçün yeganə imkan olmuşdu. Buna görə hava limanı insan kütlələrinin toplaşdığı yer idi. Hava limanında xaos və çaxnaşma şəraitində, müxtəlif mənbələrə görə, 10-a yaxın silsilə partlayışlar baş verdi, 13-ü amerikalı hərbçi olmaqla, 200-ə yaxın adam həlak oldu.

Əlimusa İbrahimov

– İŞİD və onun qolları Rusiyaya qarşı başqa hansı teraktlar həyata keçirib?

– 2022-ci ilin sentyabrında İŞİD-in Xorasan regional qolu Rusiyanın Kabildəki səfirliyinə hücum etmişdi. Daha sonra terrorçu-kamikadze özünü diplomatik nümayəndəliyin binası yaxınlığında partladıb, nəticədə səfirliyin iki əməkdaşı həlak olub. Həmçinin Rusiya Federasiyasında Taliban nümayəndələri on yaralı olduğunu, bir dinc sakinin öldüyünü bildiriblər.

Bu arada, cəmi iki həftə əvvəl, 2024-cü il martın 7-də Rusiya FTX Moskvada sinaqoqda terror aktının qarşısının alınması barədə məlumat yayıb.

Son hadisə ətrafında yayılan məlumatları nəzərdən keçirdikdə Moskvadakı terror hadisəsinin İŞİD və İŞİD-Xorasanla bağlayaraq diqqəti bu qruplaşmaya yönəltmək cəhdlərini müşahidə edirik. Eyni zamanda İŞİD-in yenidən terror səhnəsinə qayıtması haqqında məlumatlar canlanmaqdadır.

– Siz necə düşünürsünüz, İŞİD geri qayıdır?

– Hazırda terror qruplarına sanki mesajlar verilir ki, fəaliyyətinizi bərpa edin. Bu fəaliyyətin Rusiyaya qarşı istiqamətləndirilməsi də diqqəti cəlb edir. Mənim gəldiyim qənaət ondan ibarətdir ki, terror qrupları özfəaliyyət taktikalarını dəyişiblər. 10 il əvvəl olduğu kimi öz məqsədləri üçün deyil, sifarişçilərin məqsədləri üçün fəaliyyət göstərən qruplara çevriliblər. Onlar geniş mənada haqqı ödənilən qatil funksiyasını yerinə yetirirlər. Kimə hansı bölgədə terror törətmək lazımdırsa, pulunu ödəyir və istədiyinə nail olur. Əlinə silah alıb sifarişi yerinə yetirənlərin kimə və nəyə xidmət etdiyindən heç xəbəri də yoxdur. Onlar əvvəlki kimi öz məqsədlərinə xidmət etdiklərini düşünürlər. Amma aparıcı siyasi qüvvələrin əlində alət olduqlarından xəbərləri yoxdur. Buna görə hazırda baş verən terror hadisələrində yeni tendensiyaların yaranması barədə danışmağın vaxtıdır.

Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az