Elmar Məmmədyarovdan Brüssel görüşü barədə kritik açıqlama: “Sabahı gözləyək, Ermənistan ruhlanıb”

Globalinfo.az sabiq xarici işlər nazir Elmar Məmmədyarovla müsahibəni təqdim edir:

– Elmar bəy, aprelin 5-də Brüsseldə Avropa İttifaqı (Aİ), ABŞ və Ermənistanın üçtərəfli görüşü keçirilib. Bu görüşün keçirilməsinin əsas səbəbi nədir? 

– Brüssel görüşü həm Aİ, həm ABŞ tərəfindən Rusiyaya qarşı planlaşdırılmış görüşdür. Hətta Avropa İttifaqı və Birləşmiş Ştatlar Ermənistan iqtisadiyyatına 4 il ərzində 270 milyon dollar sərmayə yatırmaq barəsində proqram qəbul edib. Qərb bununla da Rusiyanı orbitdən uzaqlaşdırmaq istəyir. Ermənistan iqtisadiyyatının tam şəkildə Rusiyaya bağlı olduğunu hər kəs başa düşür. Ona görə də, istər Aİ, istərsə də ABŞ öz kəşfiyyat mövqelərini İrəvanda gücləndirməkdə maraqlıdır.

– Bir məsələ də var ki, Rusiya bu görüşün ona, İran özünə, Azərbaycan isə bizə qarşı olduğunu düşünür. 

– Bu görüşün Azərbaycana qarşı keçirildiyini düşünmürəm. İnanmıram, ABŞ və ya Aİ bizə qarşı məqsəd güdsün. Onların planı tamam başqadır.

– Sizcə, İranın hazırkı səssizliyi nə ilə əlaqədardır? Məsələn, üçtərəfli görüşlə bağlı Rusiya və Türkiyə öz mövqeyini bildirsə də, İran susdu.

– İran gedişatı yaxından izləyir. Onlar regionda üçüncü ölkənin olmasını istəmir. Ona görə də, özləri üçün bəyanatlar verməklə kifayətlənirlər.

– Elmar bəy, bu görüşdən sonra Qazaxın kəndləri məsələsi öz həllini tapa bilərmi?

– Anklav olmayan 4 kənd yüz faiz qaytarılacaq, qalan 4 kəndlə bağlı hələ nəsə deyə bilmərəm. Gərək təhlükəsizlik baxımdan yaxşı düşünək. Çünki həmin kəndlər erməni kəndlərinin ortasında yerləşir. Axı hər sakinin yanına bir hərbçi yerləşdirə bilmərik.

– Deyilənə görə, İrandan İrəvana təyyarə ilə silah daşınır. Belə olan halda Azərbaycanla Ermənistan arasında toqquşma baş verə bilərmi?

– Hər şey ola bilər. Hindistandan gələn silah-sursat Ermənistana İran ərazisi ilə daşınır. Çünki ayrı yol yoxdur. Bəlkə də, Hindistan Qara dəniz vasitəsilə də İrəvana silah çatdırır. Bunu araşdırmaq lazımdır.

– Toqquşmadan danışdıq, adətən, Ermənistan keçirilən görüşlərdən sonra Azərbaycana qarşı təxribat törədir. Bu dəfə də gözləniləndirmi?

– Sabahı gözləyək. Onlardan hər şey gözlənilir. Paşinyan mütləq bu görüşdən sonra ruhlanacaq, onlara dəstək olunduğunu düşünəcək. Lakin o özü də anlamır ki, Aİ və ABŞ Rusiyanın Cənubi Qafqazda nüfuzunu azaltmaq məqsədilə ermənilərdən açıq şəkildə istifadə edir.

Zaira Akifqızı

Globalinfo.az