Fransa və Rusiya müharibəyə başlayır? – Parisdən inanılmaz həmlə

Rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib ki, Fransanın Xarici Legionunun əsgərləri artıq Slavyanskda yerləşdirilib. Fransa müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan isə “Asiya Tayms” nəşrinə açıqlamasında deyib ki, qabaqcıl dəstə 3-cü piyada alayından cəlb edilmiş 100-ə yaxın hərbçidən ibarətdir. Onların arasında artilleriyaçılar və kəşfiyyatçılar da var. Ümumilikdə, məqalədə deyildiyi kimi, Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün 1,5 min fransız əsgəri gələ bilər.

Moskva Parisin bu addımına necə cavab verəcək? Fransanın Ukrayna müharibəsinə qoşulması Avropa İttifaqını (Aİ) çətin vəziyyətə sala bilər?

Politoloq Elxan Şahinoğlu Globalinfo.az-a bildirib ki, Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Ukraynaya hərbi yardım etməyə hazır olduğunu bəyan edib:

“Lakin onun bu açıqlamaları həm Aİ-də, həm də Fransada birmənalı qəbul edilməyib. Hətta Makronun müşavirləri bu addımın riskli olduğunu dəfələrlə ona deyiblər.

Elxan Şahinoğlu

Fransa bu günə qədər Ukraynaya müxtəlif təyinatlı silah-sursat, habelə maliyyə yardımları edib. Bu yardımlar davam edir. Lakin Fransa heç vaxt birbaşa hərbçilərini Ukraynaya göndərməyib. Çünki bu, açıq-aşkar Fransanı Ukrayna müharibəsinin tərəfi edə bilər. Ən vacib məqam budur ki, NATO və Aİ üzvü olan bir ölkənin Ukraynaya hərbçi göndərməsi qeyd olunan təşkilatları da müharibəyə cəlb edə edir.

Burada diqqət edilməli məsələ Fransanın Xarici Legionunun əsgərləridir. Legion tarixən var olan hərbi qanaddır. Müqayisə üçün bunu “Vaqner”ə bənzətmək olar. Legionun tabeliyində fransızlardan başqa xalqlar da ola bilər. Yəni belə bir şey olubsa, Paris məsuliyyəti üzərindən atacaq, lakin bu addımın Fransa-Rusiya münasibətlərini pisləşdirəcəyini demək olar”.

Xatırladaq ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin mart ayında demişdi ki, Fransanın Ukraynaya hərbi kontingent göndərməyə hazırlaşdığına dair məlumatları var. Narişkin bildirmişdi ki, ilkin mərhələdə təxminən 2 min nəfər göndəriləcək. “Ölkənin hazırkı rəhbərliyi sadə fransızların həyatı və generalların narahatlığı ilə maraqlanmır” – S.Narişkin qeyd etmişdi.

Xarici Kəşfiyyat Xidmətinin rəhbər Fransanı hədələmişdi:

“Beləliklə, Ukraynaya yerləşdirilən Fransa qüvvələri Rusiya ordusunun qanuni hədəfinə çevriləcək. Bu, o deməkdir ki, həmin qüvvələr indiyədək Rusiya ərazisinə qılıncla hücum edən fransızların taleyini yaşayacaq”.

Turan Rzayev
Globalinfo.az