İrəvanda təhlükəli oyun – Generallar hərəkətə keçə bilər

Globalinfo.az son zamanlar Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşma, İrəvan və Moskva arasında münasibətlərin gərginləşməsi, Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamaları və KTMT-də iştirakının dondurulması mövzuları ətrafında siyasi şərhçi Asif Nərimanlı ilə müsahibəni təqdim edir:

– Ermənistan hakimiyyəti Avropa İttifaqı ölkələrinə intensiv səfərlər təşkil edir, birgə bəyanatlar verir. Nikol Paşinyan da ölkəsinin Aİ-nin mümkün hesab etdiyi qədər birliyə yaxınlaşmağa hazır olduğunu açıqladı. İrəvan rəsmiləri Moskvanı qəzəbləndirəcək bəyanatlarla çıxış edir, açıq-aşkar Ermənistanın Rusiyadan uzaqlaşmaq niyyətində olduğunu bildirilər. Ermənistanın bu mövqeyinin məqsədi nədir?

– Ermənistan Rusiyadan maksimum şəkildə uzaqlaşmağa çalışır. Lakin tamamilə uzaqlaşması iqtisadi baxımdan mümkün deyil. Rəsmi İrəvan həm Qərb, həm də Rusiyadan qazanc əldə etmək istəyir. Qərbə Rusiyadan uzaqlaşmaq istədiyini göstərir və nə isə almağa çalışır. Həmçinin Rusiyaya Qərblə yaxınlaşdığını göstərərək bunun əvəzində müəyyən qazanc əldə etmək istəyir. Burada siyasi, hərbi və maliyyə dəstəyindən söhbət gedir. O cümlədən Azərbaycanla danışıqlar prosesində Qərbin dəstəyini arxasına almağa çalışır.

– 30 ildən çox müddətdə bütün sahələrdən Rusiyaya bağlı olan və onun vassalı adlandırılan Ermənistan niyə məhz indi ipləri qoparmaq istədiyini bəyan edir?

-Nikol Paşinyanın son açıqlamaları, Rusiya sərhədçilərinin Zvartnots beynəlxalq hava limanından çıxarılması məsələsinin gündəmə gətirilməsi də bu prosesdə irəli addım atmaq istədiklərini göstərir. İrəvan 44 günlük müharibədən sonra sərhəddə baş verən toqquşmalarda KTMT və Rusiyanı ittiham edir, onların Ermənistanı qorumadığını bildirirdilər. İndiyə kimi bu istiqamətdə müxtəlif çağırışlar səsləndirir, bir növ ictimai rəy formalaşdırmağa çalışırdılar. İndi isə praktiki müstəviyə keçmə imkanı əldə ediblər.
Bu günə kimi Ermənistanın Rusiyanın, KTMT-nin təhlükəsizlik çətirindən imtina edəcəyi halda hərbi müstəvidə onlara dəstək verəcək alternativ tam formalaşmamışdı, tapa bilmirdilər. İndi isə Fransa bu istiqamətdə yaranacaq boşluğu doldurmaq üçün hərəkətə keçib. Nəzərə alaq ki, hər zaman silah yardımları və satışı rəsmi formada təqdim ediləndən daha çox olur. Fransa Ermənistan ordusunun hərbi arsenalını gücləndirir, bütün növ hərbi dəstək verməyə çalışır. Parisin bunun əvəzində Ermənistandan bir tələbi var: Moskvaya qarşı faktiki addımlar atılmalıdır.

– Vətən müharibəsindən sonrakı müddətdə Ermənistan daxilində Rusiyaya qarşı təbliğat kampaniyası aparılır, Kremlin ünvanına sərt bəyanatlar səsləndirilir. Lakin Rusiyadan hər hansı ciddi reaksiya görmürük. Moskvanın bu səbrinin səbəbi nədir, hara qədər gözləyəcək?

– Rusiyanın hələ də praktiki olaraq prosesə müdaxilə etməməsi müəyyən suallar doğurur. Fikrimcə, Moskva sona qədər gözləyəcək. Xüsusilə Ermənistanda 102-ci hərbi baza qaldığı, onun çıxarılma təhlükəsi olmadığı müddətdə baş verənləri sadəcə müşahidə edəcək. Çünki indiki situasiyada Ermənistan hakimiyyətinə müxtəlif şəkildə müdaxilə edərsə, bu, Nikol Paşinyanın anti-Rusiya mövqeyini sərtləşdirəcək. Həmçinin Rusiyanın hələ də Ukraynada başı qarışıqdır. Bu müddətdə isə hərbi və siyasi baxımdan ikinci cəbhənin açılmasını istəmir. Bir qədər təmkinli yanaşır.

Həmçinin Ermənistan və Rusiya arasında nə qədər qarşıdurma müşahidə olunsa da, İrəvan Moskvaya Qərbin sanksiyalarından yan keçməkdə dəstək göstərir. Rusiya Qərbdən ala bilmədiyini bir çox məhsulları Ermənistan üzərindən təmin edir.


Asif Nərimanlı

– İrəvan 12-13 fevral tarixində sərhəddə baş verənlərə görə Rusiyanın sərhədçilərini ittiham edir. Hətta onların Ermənistanın Zvartnots beynəlxalq hava limanından çıxarılmaları da gündəmə gətirilib. Rusiya bütün bunlara hansı şəkildə cavab verəcək?

– İki ölkə arasında qarşıdurmalar hələ ki, ritorik səviyyədədir. Nikol Paşinyan praktik baxımdan hər hansı addım ata bilməyib. Ermənistan hakimiyyəti nə qədər danışsa da, iqtisadi baxımdan Rusiyada uzaqlaşmağı çətindir. Moskva da bunu anlayır. Kreml Ermənistanda siyasi mövqelərinin zəifləməsinə rəğmən, hərbi mövqelərinə qarşı addım atılmayacağını bilir. Yəni Rusiya sərhədçiləri ilə bağlı problemlərin yaşanması gözlənilən idi. Artıq rusların Azərbaycan-Ermənistan sərhədində erməni hərbçilərlə əvəz olunması, hətta Avropa İttifaqının müşahidə missiyasının həmin əraziyə gətirilməsi məsələsi aktualdır. Lakin Gümrüdən 102-ci bazanın çıxarılması sonuncu addımdır və Rusiya da o ana qədər gözləyəcək.

– Maraqlıdır, Nikol Paşinyan son zamanlar hökumətdə çox sayda dövlət nümayəndəsini işdən uzaqlaşdırıb, yeni şəxslərin təyinatını hərəkətə keçirib. Bu addım baş nazirin rusyönümlü qüvvələri hakimiyyətdən “təmizləməsi” kimi qiymətləndirilir. Bəs Rusiya İrəvanı cəzalandırmaq qərarına gələrsə, hazırda Ermənistanda bunun üçün nə kimi imkanları, təsir rıçaqları var?

– Düşünürəm ki, Rusiyanın Nikol Paşinyan hakimiyyətinə qarşı təsir rıçaqları zəifdir. İrəvanda Moskvaya bağlı olan siyasi qüvvələr müxalifətə keçiblər. Bir neçə dəfə cəhdlər edilsə də, hazırda müxalifət üzərindən də təzyiq imkanları zəifdir. Rusiya hərbi və iqtisadi müstəvidə addımlar ata bilər. Ermənistan hərbi sistemində Moskvaya bağlı qrupların olması istisna deyil. Lazım olarsa, ordu daxilindəki şəbəkə aktivləşə bilər. Biz bunu Onik Qasparyanın Baş Qərargah rəisi olduğu dövrdə gördük. Faktiki olaraq hərbi qiyam qaldırıldı. Daha sonra Nikol Paşinyan Onik Qasparyanı uzaqlaşdırmaq üçün qiyam qaldıran zabitləri (bir neçə məşhur generalı – red.) bağışladı. Hər nə qədər müəyyən dəyişikliklər etməyə çalışsa da, həmin şəxslər hələ də orduda qalırlar. Lazım olacağı halda hərəkətə keçə, hakimiyyətə problemlər yarada bilərlər.

Rusiyanın iqtisadi baxımdan Ermənistana təsir rıçaqları daha çoxdur. Məsələn, Ermənistanın enerji sektoru Rusiyanın əlindədir. Moskva iqtisadi rıçaqları işə salacağı təqdirdə, İrəvanın üz tuta biləcəyi elə də çox qapı yoxdur. Yalnız coğrafi olaraq İrana yönələ bilər. Lakin Tehran rəsmilərinin son açıqlamalarından Rusiyadan yana olduqlarını görürük. Moskvanın Cənubi Qafqazda mövqelərinin zəifləməsinə qarşıdırlar.

Ayşən Mustafa
Globalinfo.az