Ehtiyatlı şəkildə deyirəm ki, həmkarım Bayramovla… – Mirzoyan

“Biz danışıqlarda səmimi və xoş niyyətlə iştirak edirik. Əminik ki, sülhün bərqərar olması həm Ermənistanın, həm də Azərbaycanın maraqlarına cavab verir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan macarıstanlı həmkarı ilə birgə mətbuat konfransında deyib.

Mirzoyan Qazaxıstanda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü mövzusunda nikbin olduğunu bildirib:

“Biz artıq bir sıra maddələr və məsələlər üzrə razılığa gələ bilmişik. İki ölkə Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıdığını təsdiqləyib. Demarkasiya da həmin bəyannamə əsasında aparılmalıdır. Ehtiyatlı şəkildə, nikbinliklə demək istəyirəm ki, biz azərbaycanlı tərəfdaşımla razılığa gələ biləcəyik”.

Ermənistan XİN başçısı qeyd edib ki, başqa bir sıra məsələlərdə də razılıq əldə edilməlidir:

“Ermənistan və Azərbaycan hələ də regionda nəqliyyat infrastrukturlarının açılması ilə bağlı tam qarşılıqlı anlaşmaya malik deyillər. Lakin Ermənistan Azərbaycanla bütün nəqliyyat infrastrukturlarının açılmasında maraqlıdır. Düşünürəm ki, gec-tez bu məsələlərdə razılığa gələ biləcəyik. Çünki dövlət başçıları və baş nazirin müavinləri səviyyəsində müəyyən anlaşma var. Bütün bu razılaşmaları  müqavilədə aydın şəkildə qeyd edə bilsək, sülhün bərqərar olmasında müəyyən irəliləyiş olduğunu deyə bilərik”.

Ayşən Mustafa
Globalinfo.az