Paşinyana gizli dəstək verən iki mərkəz: kilsə baş naziri devirmək üçün…

Ermənistanda etirazlar davam edir. Regionlarda başlayan aksiyalar paytaxt İrəvanda da müşahidə edilir. Baş nazir Nikol Paşinyan sanki prosesdən narahat deyil. O, təmkinini qorumağa çalışır.

Bəzi ekspertlər iddia edir ki, əslində Paşinyan bu yolla sadəcə rəqibləri qarşısında qorxmadığını göstərmək üçün obraza bürünür.

Proseslər bu ölkəyə nə vəd edir? Bu ayaqlanmalar sülh prosesinə nə kimi əngəl törədə bilər?

Globalinfo.az-a danışan Beynəlxalq Münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Nikol Paşinyan əslində proseslərdən narahatdır, sadəcə onun siyasi texnoloqları çox güclüdür:

“Paşinyanın məsləhətçiləri, texnoloqları onun geyiminə, mimikasına, dediyi sözlərə ciddi nəzarət edir. Məhz bunun nəticəsidir ki, Paşinyan narahat deyil və “hər şey qaydasındadır” təəssüratı yarada bilir.

Paşinyanın böhran vəziyyətində tez-tez əl atdığı metodlar var;

1. Paşinyan gözlənilmədən mərkəzi tərk edir və ucqar regionlara səfərə çıxır;

2. Paşinyan birdən-birə ekran qarşısına çıxır, mətbuat konfransı keçirir və ictimaiyyətə xitab edir;

3. Paşinyan məsuliyyəti üzərindən atmaq üçün xarici qüvvələrin Ermənistana təzyiq etdiyini vurğulayır;

Proseslər əvvəllər bu qədər ciddi deyildi. Çünki Paşinyanın bu günə qədər haqlı göründüyü və arqumentlərinin güclü olduğu məqamlar vardı. Amma bu gün cəmiyyətin elə bir təbəqəsi işə düşüb ki, bunun nəticələri ciddi ola bilər.

Paşinyan faktiki olaraq Ermənistandakı ən böyük gücü, yəni kilsəni qarşısına alıb. Onun bu mübarizədən qalib çıxıb-çıxmayacağı mübahisəlidir.

Ermənistan əhalisi dindardır, kilsəyə çox bağlıdır. Hesab edirəm, Paşinyan Qərbdən dəstək alıb. Bu, meqa bir dəstəkdir. Mümkündür ki, ona həm də lobbi və diaspor dəstək verir”.

Turan Rzayev
Globalinfo.az