Rusiyanın Azərbaycanla bağlı iki planı: Moskva bu addıma niyə getdi?

Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş Aprel döyüşlərindən 8 il ötür. Ordumuzun bu savaşda əldə etdiyi qələbə və qazandığı psixoloji üstünlük 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində mühüm rol oynadı. 

Maraqlıdır, niyə Rusiya 2016-cı ildə müdaxilə edib prosesi dayandırdığı halda 2020-ci ildə bunu etmədi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Rusiya 2026-cı ildə olduğu kimi 2020-ci ildə də prosesə mane olmağa çalışdı:

“Ümumiyyətlə Rusiya Qarabağ münaqişəsini yaradan ölkədir. Uzun illər bu münaqişədən istifadə edərək Ermənistan və Azərbaycana qarşı təzyiq edib. Kreml hər nə qədər keçmiş ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olsa da aydın məsələdir ki, münaqişənin bitməsində maraqlı olmayıb.

2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başladı. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib”.

Qabil Hüseynli

Q.Hüseynlinin sözlərinə görə, rəsmi Bakı yaxşı bilirdi ki, Rusiya prosesə müdaxilə edəcək:

“Lakin yenə də Kremlin nəbzini yoxladıq və gördük ki, hələ uyğun vaxt yetişməyib. Bununla belə Aprel döyüşləri bizim üçün bir çox müsbət məqamla yadda qaldı.

Birincisi, ordumuzun özünə inamı formalaşdı və Birinci Qarabağ müharibəsindən qalan məğlubiyyət sindromu aradan qaldırıldı.

İkincisi, Ermənistan ordusunun məğlubedilməz obrazı sabun köpüyü kimi dağıldı və keçilməz deyilən Ohanyan səddi keçildi.

Üçüncüsü, Azərbaycan ilk dəfə bu döyüşlər zamanı müharibənin yeni dövrün trendləri əsasında aparılmalı olduğunu dərk etdi. Söhbət təkcə hərbi üstünlük deyil, həm də diplomatik sferada üstünülüyün əldə edilməsindən gedir. Bundan başqa, Bakı dərk etdi ki, Rusiya, ABŞ və Fransanın başı qarışmalı, geosiyasi vəziyyət əməliyyatlara başlamaq üçün münbit olmalıdır.

2020-ci ildə geosiyasi vəziyyət istədiyimiz kimi oldu. Rusiya-Ukrayna gərginliyi müharibə mərhələsinə keçəcəyi bəlli oldu. ABŞ-da prezident seçkiləri, Fransada isə daxili vəziyyət gərgin idi. Rəsmi Bakı bundan istifadə etdi.

Bundan başqa Ermənistan hakimiyyətində də ruspərəst Serj Sarkisyan deyil, Qərbpərəst Nikol Paşinyan vardı. Bütün bu və digər faktorlar İkinci Qarabağ müharibəsinə başlamaq və qələbə qazanmamızı şərtləndirdi”.

Turan Rzayev
Globalinfo.az