Qərbin böyük Cənubi Qafqaz PLANI: “İrəvan “yem” edilir, Bakı isə…”

Globalinfo.az Ermənistanın KTMT-də namizədliyini dondurması, Avropa İttifaqı ilə yaxın əlaqələrin qurulması, gərginləşən Moskva-İrəvan münasibətləri fonunda Böyük Britaniya rəsmisinin Ermənistana dəstək açıqlaması və digər regional məsələlər bağlı Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə ilə müsahibəni təqdim edir:

– Son zamanlarda Ermənistan rəhbərliyinin ciddi şəkildə Rusiyadan uzaqlaşaraq Avropa İttifaqına yaxınlaşmağa çalışdığını görürük. Moskvadan imtina edib Qərbə üz tutmaq İrəvana nə qazandıracaq?

– Ermənistan Azərbaycan torpaqlarının işğal edilməsi müqabilində öz suverenliyini Rusiyaya vermişdi. Ölkə siyasi, iqtisadi və təhlükəsizlik baxımından Rusiyanın tam nəzarətində idi. Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəlməsi ilə yaradılmış bu sistemi Qərbin xeyirinə dəyişməyə çalışır. Lakin bu dəyişiklik Ermənistanın suverenliyinin Qərbə verilməsi ilə aparılır. Yəni rəsmi İrəvan müstəqil, suveren olmaqdan daha çox sadəcə oturduğu stulu dəyişmək istəyir. Qərb ölkələri bu istiqamətdə Ermənistana dəstək versələr də, onlar Rusiya – Ermənistan gərginliyinə öz maraqları çərçivəsindən baxırlar. Məqsədləri əsas rəqibləri olan Rusiya üçün yeni problemlər yaratmaqdır.

– Qərb ölkələri KTMT ilə bağlı qərardan sonra Moskva qarşısında İrəvana motivasiyaedici bəyanatlar səsləndirirlər. Həmçinin hərbi yardımların, əməkdaşlıq müqavilələrinin də sayının artdığını görürük. Bəs Ermənistanın Qərbin dəstəyini alaraq Rusiyadan asılılığı tam sonlandıra bilməsi mümkündürmü?

– Dövlətin suverenliyinin təminin üç aspekti var; siyasi, iqtisadi və hərbi müstəqillik. Qərb yönümlü hakimiyyət formalaşdırıblar. Yəni siyasi “müstəqilliklərini təmin” ediklərini sanırlar. Hərbi müstəqilliklərini təmin etməyə çalışırlar. Qərb müəyyən silahlar verir. Amma ölkələrində Rusiya silahlı qüvvələri yerləşir, çıxma və ya çıxarılma ehtimalı da çox azdır. Əsas müstəqillik aspekti olan və digərlərinin də formalaşmasında mühüm rol oynayan iqtisadi müstəqilliyinə kimsə investisiya yatırmır. İllik ticarətinin 35 faizə qədəri və böyük infrastrukturu (dəmiryolları, qaz və elektrik şəbəkəsi) Rusiyaya məxsusdur, enerji alışında da ondan asılı olan Ermənistana kimsə iqtisadi yardım etmir və yollarını da göstərmir. Yəni Ermənistanın bu vəziyyətində Rusiyanın təsirindən çıxa bilməsi hələlik real görünmür. Ona görə qərbin erməni sevdasının səmimi olmadığını hesab edirəm.


Yalçın Hacızadə

– Kremldən hələ də İrəvan hakimiyyətinin bəyanatlarına ciddi reaksiya müşahidə olunmur. Rusiya rəsmiləri Ermənistana tez-tez Ukrayna və Gürcüstan nümunəsini misal çəksələr də, elə də sərt münasibət göstərilməyib. Bəs Moskva İrəvana cavab üçün nəyi gözləyir?

– Rusiyanın Ermənistana təzyiq imkanları genişdir. Əsasən iqtisadi sahədə. Ticarət əlaqələrini məhdudlaşdırmaq, enerji qiymətlərini dünya bazar qiymətinə qaldırmaq və ya hansısa bəhanə ilə kəsməklə bunu edə bilər. Amma Rusiya burda hələlik səbir nümayiş etdirir. Ermənistanın bəyanatlardan hərəkətə keçəcəyini gözləyir. Həmçinin, Rusiya məsələyə dair elə fikir formalaşdırır ki, guya Rusiya-Ermənistan gərginliyi, Rusiya Paşinyan mübarizəsidir, müvəqqətidir, Paşinyanın hakimiyyətdən getməsi ilə düzələcək. Ona görə Ermənistana iqtisadi təzyiq etməklə erməni cəmiyyətində özünə qarşı antipatiyanı daha da artırmaq istəmir. Eyni zamanda, belə təzyiqlə Paşinyana “görürsüz, Rusiya bizi Azərbaycan qarşısında qorumadı, indi də iqtisadi təzyiq göstərir” təbliğatını aparması fürsətini vermək istəmir.

– Böyük Britaniyanın KTMT ilə bağlı qərar fonunda Ermənistana dəstəyini açıqlaması və Rusiya qarşısında İrəvana dəstək göstəriləcəyini açıqlaması diqqət çəkdi. Londonun İrəvana “Rusiya hücuma hazırlaşır” xəbərdarlığı Paşinyanı daha sürətlə Qərbin qucağına atmaq üçün düşünülmüş siyasi fənddir, yoxsa real bir təhlükəsən söhbət gedir?

– Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması ilə bağlı qərarının Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi tərəfindən bəyənilməsi və “Rusiyadan gələn cavab tədbirləri təhlükəsi qarşısında İrəvana dəstək vermək” açıqlaması Ermənistan üçün köməklikdən daha çox təhlükədir. Ermənistan “bir addımlıq” ölkədir, dünyanın ən müasir silahları da verilsə Rusiyaya qarşı müharibəyə başlamaq və aparmaq imkanları sıfıra bərabərdir. Fiziki qüvvələri zəif və az saydadır. Mövcud olan silah arsenalıın böyük əksəriyyəti, o cümlədən hava hücumundan müdafiə vasitələri Rusiya tərəfindən verilib. Ona görə kənardan müdaxilə ilə qeyri-aktiv edilə bilər.

Eyni zamanda, coğrafi baxımdan dalanda yerləşən, dünya sularına çıxışı və Qərb ölkələri ilə birbaşa sərhədi olmayan Ermənistanın Rusiyaya qarşı silahlanması da mümkün görünmür. Müharibə zamanı qonşuları olan Türkiyənin, İranın və Gürcüstanın Ermənistana qərbdən silah daşınmasında tranzit imkanları yaradacağı da inandırıcı deyil. Türkiyənin İstanbul boğazı vasitəsilə Qara dənizdən müharibə zamanı silah daşınmasını qadağan etmək səlahiyyəti var. Rusiya Türkiyə münasibətlərini həmçinin, regionda yeni münaqişənin başlanmasının əleyhinə olduğunu nəzərə aldıqda rəsmin Ankaranın mövqeyinin mənfi olacağı indidən bəllidir. Qara dəniz sahili olan NATO ölkələrinin limanlarından istifadə edərək Gürcüstan vasitəsilə Ermənistana silah ötürülməsi də real görünmür. Çünki Rusiyanın həmin daşımaları elə Qara dənizdə zərəsizləşdirmək imkanları və Gürcüstanın keçid verməyəcəyi aydındır.

– Qərb Ermənistan-Rusiya münasibətlərini gərginləşdirməklə nəyə nail olmaq istəyir? İrəvanın Moskva və Aİ arasındakı mövqeyi regiondakı vəziyyətə necə təsir göstərəcək?

– Qərbdə Ermənistanın Rusiyaya qarşı demarşı geniş tərənnüm edilsə də, Rusiyanın müdaxiləsi üçün də “zəmin” yaradır. Bu zaman qərbin hərbi dəstək verəcəyi və ya bunun böyük müharibəyə çevriləcəyini düşünmürəm. Onlar Rusiya – Ermənistan, Azərbaycan – Ermənistan gərginliyini gündəmdə saxlamaqla regionda daha da güclənmək istəyirlər. Ermənistanın iki güc arasında balans yarada bilməməsi və gedən mübarizədə obyektə çevrilməsi regionumuzda gərginliyin qalmasına və artmasına səbəb olur.

Qərbdən gələn bu kimi çağırışlar dəstək kimi görünsə də, əslində Ermənistanın inkişafına xidmət etmir. Həmin havadarlar Ermənistanın inkişafında, təhlükəsizliyinin təmin olunmasında əgər səmimi olsaydılar bunun Azərbaycan və Türkiyə ilə siyasi razılıqdan, iqtisadi və kommunikasiya əlaqələrinin qurulmasından keçdiyini bildirərdilər və bu istiqamətdə Ermənistana təsir edərdilər.

Ayşən Mustafa
Globalinfo.az