Putin və Paşinyan bu tarixdə görüşəcək

Putin mayın 8-də Paşinyanla ikitərəfli görüş keçirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

O bildirib ki, ikitərəfli təmas zamanı müzakirə olunacaq çoxlu məsələlər var.

“Andiçmə mərasiminin ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Ali Avrasiya İqtisadi Şurasının yubiley iclasını keçirəcək. Bundan sonra ikitərəfli görüş baş tutacaq. Son zamanlar Rusiya ilə Ermənistan arasında münasibətlərdə problemlər var. Odur ki, yığılıb qalan bütün məsələlər liderlər arasında açıq şəkildə müzakirə olunacaq”, – deyə Uşakov bildirib.

KTMT ilə Ermənistan arasındakı problemlərdən danışan Kreml nümayəndəsi İrəvanın təşkilatda iştirakını faktiki olaraq dondurduğunu xatırladıb.

“Ermənistan nümayişkaranə şəkildə Qərblə dialoqu inkişaf etdirir. O cümlədən Avropa İttifaqına daxil olmaq üçün müxtəlif variantları nəzərdən keçirir və NATO əlaqələrini intensivləşdirməyə çalışır. Yəni hazırda liderlər arasında müzakirə tələb edən bir çox məsələlər var. Rusiya ilə yaxşı qurulmuş iqtisadi-ticari əlaqələr böyük gəlir gətirir. Bunun sayəsində Ermənistan artıq ikinci ildir ki, iqtisadi artım tempinə görə dünya liderləri sırasındadır”.

Putin və Paşinyan arasında gözlənilən görüşdən danışan Uşakov qeyd edib ki, siyasətçilər kifayət qədər uzun müddətdir ki, bir-birlərini görmürlər.

“Liderlər uzun zamandır ki, praktiki olaraq ünsiyyət qurmayıblar. Ona görə də, biz bu xüsusi ikitərəfli görüşə çox böyük əhəmiyyət veririk. Mənə elə gəlir ki, bu, çoxlu məntiqi məqamları aradan qaldırmağa kömək edəcək”, – deyə Uşakov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az