Tural Abbaslı: “İsa Qəmbər Müsavatın güclü vaxtında bir şey edə bilmədi, indi nə dəyişəcək?!”

İsa Qəmbərin yenidən Müsavat Partiyasının başqanı seçilməsi müzakirələrə səbəb olub. Ortaya bir neçə sual çıxır:

Müxalifət İsa Qəmbərin başqan olmasından nə qazanacaq?

Konsolidasiya perspektivi varmı?

Seçkiöncəsi İ.Qəmbərin başqan seçilməsi müxalifət düşərgəsində nə kimi müsbət impulslar yarada bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiya sədri Tural Abbaslının sözlərinə görə, bu sualın cavabını daha yaxşı İ.Qəmbəri yenidən başqan seçənlər bilər.

T.Abbaslı deyib ki, İ.Qəmbərin yenidən başqan seçilməsi nəyi dəyişər, məlum deyil:

“Hər halda heç nə dəyişməyəcək. Çünki konsolidasiya olması üçün guya, hansı partiya Müsavatın əvvəlki başqanı deyil, indiki ilə işləmək istəyəcək? Bu, sadəcə, partiyanın qısırlaşdığının, kadr potensialının tükəndiyinin göstəricisidir ki, onlarda yeni kimsə yoxdur. Dünyaca məşhur və özlərinin də kifayət qədər tənqid etdikləri Vladimir Putin-Dmitriy Medvedyev konfiqurasiyasını həyata keçirirlər. Ona görə də dəyişən bir şey olmayacaq”.

T.Abbaslının fikrincə, İ.Qəmbər illər öncə də partiyada dəyişiklik edə bilməyib:

“İsa Qəmbər başqan olan zaman güclü Müsavat var idi, amma nəsə edə bilmədi. İndi qat-qat zəifləmiş və heç bir təsir imkanlarına malik olmayan partiyanın başqanı olanda guya, nə edə bilər ki? Nəyisə dəyişə bilsəydi, daha güclü Müsavat zamanı dəyişərdi. Bir-iki gün gündəmdə qaldıqdan sonra, yenə hər şey əvvəlki kimi davam edəcək. Bəlkə də, partiya Arif Hacılının dönəmindən daha da çox zəifləyəcək. Bu, insanları ələ salmaqdır. Açığı, o partiyada kimlərin başqan olması mənim üçün maraqlı deyil. Onsuz da partiyanı əl-ələ verib hansı vəziyyətə gətirdikləri göz önündədir”.

Zaira Akifqızı
Globalinfo.az