“İŞİD Rusiyadan onun intiqamını aldı” – Türk hərbi ekspertdən ilginc versiya

Globalinfo.az Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağarla müsahibəni təqdim edir:

– Abdullah bəy, bildiyiniz kimi, Rusiyada “Krokus Siti Holl”da terror aktı baş verdi. Hadisə ilə bağlı Rusiya Ukraynanı, Qərb isə İŞİD-in Xorasan regional qolunu günahlandırır. Bəs, sizcə, reallıq necədir?

– Suala cavab vermək üçün ilk növbədə İŞİD-in Xorasan regional qolunun liderinin kimliyinə nəzər yetirmək lazımdır. Söhbət Sənaullah Qafaridən gedir. Bu şəxs Əfqanıstanın keçmiş prezidentinin kəşfiyyat məsələləri üzrə köməkçisinin mühafizəçisi olub. Yəni əslində özü də keçmiş kəşfiyyatçıdır. Bu, çox mühüm detaldır.

Belə ki, Əfqanıstan kəşfiyyatını və təhlükəsizlik qüvvələrini Qərb tərtib edib. ABŞ qoşunları Əfqanıstanı tərk etdikdən sonra Sənaullah Qafari başda olmaqla bir çox əfqan kəşfiyyatçısı Tacikistana üz tutdu. Daha sonra da burada İŞİD-ə üzv olub. Bu şəxs də buradan İŞİD-in Xorasan regional qoluna rəhbərlik edir.

Mümkündür ki, Rusiya bunu bilir, buna görə də Qərb və ABŞ-a qarşı istifadə etmək istəyir. Nəzərə alsaq ki, ABŞ və Rusiya geosiyasi müstəvidə mübarizə aparır, bir-birlərinə qarşı proksi müharibəsi də elan etmiş ola bilər.

Rusiya bu gün Ukraynanı günahlandırsa da üzdə İŞİD-ə, pərdəarxasında ABŞ və Britaniyaya mesajını verir. Bu ölkələri birbaşa ittiham etmək yerinə isə Ukraynadakı maraqlarını təmin etmək üçün prosesi Kiyevə yönəldir.

– Almaniyanın federal daxili işlər naziri Nensi Faser ölkəsinin İŞİD təhlükəsi ilə üzləşdiyini bildirib. Ümumiyyətlə son günlər başda rəsmi Berlin olmaqla, London və Parisdən də bənzər motivli açıqlamalar gəlir. İŞİD geri qayıdır?

22 mart 2024-cü il, Moskva yaxınlığında, “Krokus Siti Holl”da terror aktı

– Qəzzada baş verən hadisələr fonunda İŞİD-in də fəaliyyətində bir aktivlik müşahidə edilir. Xüsusilə qeyd etməliyəm ki, Suriyada geniş bir əraziyə nəzarət edirlər. Maraqlıdır ki, bu günə qədər Suriyadakı heç bir maraq qrupu İŞİD-in nəzarətindəki ərazilərə müdaxilə etməyib.

İŞİD-in keçmiş lideri Bağdadinin 2019-cu ildə öldürülməsindən öncə intiqam alacaqlarını bildirmişdi. Yəni bu gün hər hansısa bir ölkəyə İŞİD terror hücumu etsə, buna təəccüblənməmək lazımdır. Məsələ ondadır ki, bu gün 60-dan çox ölkədə İŞİD terror təşkilatı fəaliyyət göstərir. Bunlardan ən güclüsü isə məhz İŞİD-in Xorasan regional qoludur.

Belə ki, İŞİD-in Xorasan regional qolunun terakt potensialı yüksəkdir. Resurs və imkan baxımından da zəngindirlər. Misal üçün, İŞİD-in Afrika ölkələrindəki qollarına da bu Xorasan qolu ciddi mənada dəstək verib. Hətta bir çox Afrika dövlətinin qanuni hökumətləri İŞİD-dən çəkinir.

İŞİD-in Xorasan regional qolu daha çox taciklərdən, qırğızlardan, qazaxlardan istifadə edirlər. Yəni daha çox Rusiyaya, MDB ölkələrinə səfər edə biləcək potensial şəxsləri cəlb etməyə çalışırlar.

– Yuxarıda da qeyd etdiyim kimi, Rusiya İŞİD faktorunu bilsə də terakt ilə bağlı Ukraynanı günahlandırır. Kreml bu hadisədən istifadə edərək nəyə nail olmağa çalışır?

– “Krokus Siti Holl”də baş verən terakt Rusiya üçün ciddi bir hadisədir. Kreml bu hadisədən dividentlər qazanmağa çalışır. Yəni əslində Ukraynanın günahlandırılması gözlənilən idi.

Bu gün iki ölkə arasında dəhşətli müharibə gedir. Özü də Rusiya-Ukrayna müharibəsinin özünəxas qanunları, qaydaları var. Misal üçün, bu müharibədə mülki şəxslərə qarşı məqsədyönlü terror hücumu yoxdur. Bu günə qədər belə bir insident baş verməyib.

Mən buna görə düşünmürəm ki, Moskva teraktını Ukrayna törədib. Çünki Kiyev yaxşı bilir ki, belə bir şey etsə, bu, beynəlxalq ictimaiyyətin qəzəbinə səbəb olacaq. Lakin Ukraynanı müdafiə edən Qərbin və ya ABŞ-ın teraktı törətmə ehtimalı yüksəkdir. Hətta mümkündür ki, bu yolla Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadəyə sövq edib, təzyiqləri artıra bilər.

– Son zamanlar əksər ekspertlər, hətta rəsmilər NATO-Rusiya müharibəsinin xəbərdarlığını edirlər. Belə bir müharibənin baş verməsi mümkündür?

– Aydındır ki, NATO və Rusiya arasında bir gərginlik hökm sürür. Bu gərginlik günbəgün artırır. Bu mənada ehtimal bir müharibənin baş verməsi mümkündür. Ən azından hadisələrin gedişi bunu deməyə əsas verir.

Lakin bir reallıq da var ki, hər iki tərəf belə bir müharibənin dəhşətli qırğına səbəb olacağının fərqindədir. Bəlkə də bu günə qədər bu müharibənin baş verməməsinin yeganə səbəbi budur.

Ukrayna müharibəsi faktiki olaraq geopolitik məqsədlərinə çatmadı. Bunun baş verməsi üçün pərdəarxası oyunçuların üzə çıxıb birbaşa toqquşması lazımdır. Bu isə faktiki olaraq Üçüncü Dünya müharibəsinin başlanması deməkdir.

– Türkiyə bir müddət öncə Ukrayna ilə Türkiyə arasında vasitəçilik missiyasını təklif etmiş, tərəfləri danışıqlar masasına dəvət etmişdi. Lakin bu baş tutmadı. Ankaranın yenidən belə bir təşəbbüslə çıxış etməsi mümkündürmü?

– Türkiyə iki ölkə arasında sülhün əldə edilməsini ən çox və səmimi şəkildə istəyən tək ölkədir. Hətta deyərdim tərəflər bir gün barışası olsa, bunu ancaq və ancaq Türkiyə edə bilər.

Türkiyənin tərəfsizliyi və Kiyev ilə Moskvaya baxış bucağı onu etibarlı vasitəçi edir. Lazımi şərait yaranar və tərəflər danışıqlara hazır olarsa Türkiyənin vasitəçiliyi ilə Antalya, Ankara, ya da İstanbulda görüşün keçirilməsi mümkündür.

Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az