İsa Qəmbərlə bağlı səs-küylü təklifin müəllifi danışdı: “Deyilənlər hamısı boş sözlərdir”

Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin tezliklə Müsavat Partiyasının başqanlığına qayıdacağı ilə bağlı xəbərlər yayılıb. İ.Qəmbərin başqanlığa qayıtması təklifini bu günlərdə Məclis sədri Nüşabə Sadıqlı səsləndirib. 

Globalinfo.az Müsavat Məclisinin sədri, Bakı Dövlət Universitetinin (BDU) dosenti Nüşabə Sadıqlının sözügedən mövzu ilə bağlı müsahibəsini təqdim edir.

– Nüşabə xanım, İsa Qəmbərin başqanlığa qayıtmasını siz təklif etmisiniz. Niyə məhz İsa Qəmbər? Partiyada başqanlığa başqa iddiaçılar da ola bilər.

– Düzdür, partiyamızda kifayət qədər gənc və istedadlı şəxslər var. Amma indiki dönəm siyasi proseslər üçün olduqca ciddidir. Müsavatçılar da hesab edirlər ki, bu dönəmdə partiyaya siyasi cəhətdən daha yetkin bir insan rəhbərlik etməlidir. Ona görə də, yenidən İsa Qəmbərə müraciət edilir.

– İsa Qəmbərdən sonra Müsavatın fəaliyyətində zəifləmələrin olduğu deyildi. Bu, müxalifətin zəifləməsi və yeni başqan Arif Hacılının fəaliyyəti ilə əlaqələndirildi. İsa bəy yenidən başqan seçilsə, Müsavat əvvəlki gücünü və nüfuzunu bərpa edə biləcəkmi?

– Hətta Arif Hacılının dönəmində belə Müsavat Partiyası bütün müxalif partiyalardan daha güclü idi. Zəifləmə təkcə Müsavatda deyil, bütün partiyalarda oldu. Amma yenə də onlar arasında ən güclüsü məhz Müsavat Partiyasıdır. Onun da güclü qalmasında Arif bəyin rolu oldu. Azərbaycanın bütün bölgələrində rayon təşkilatı olan ikinci müxalif partiya yoxdur. Müsavat heç vaxt nüfuzunu itirmədi. İsa bəyin başqan seçilməsi ilə partiyamız bir qədər də güclənə bilər. Ölkədəki hadisələrdən çox şey asılıdır.

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər

– Nüşabə xanım, bu təklif öncədən İsa Qəmbərlə razılaşdırılıbmı?

– Xeyr, qəti. İsa bəyin bundan xəbəri yox idi. Baxmayaraq ki, Müsavat Qadınlar Təşkilatından və rayonlardan müraciət gəlirdi, lakin o, yenə razılaşmırdı. Ona görə hələ də İsa Qəmbər hansı qərarı verəcək, bilmirik. İnanıram ki, müsavatçıların istəyini nəzərə alacaq.

– Hazırda onun qayıtması üçün bəzi müsavatçılar kampaniya təşkil edir. İsa Qəmbər namizədliyini verəsi olsa, qurultayda yetəri qədər səs ala biləcək, yoxsa, seçilməmək ehtimalı var?

– İsa bəyin qurultayda seçilməməsi ömründə mümkün deyil. Adım kimi əminəm ki, İsa Qəmbər namizədliyini irəli sürsə, bütün müsavatçılar ona səs verər.

– Müsavatın siyasi proseslərə təsir imkanının olmadığı deyilir. Bu partiyanın ölkənin siyasi həyatında rol oynamadığı iddia edilir. Hətta təklif olunur ki, Müsavat buraxılsın və tarixin “muzeyinə” təhvil verilsin.

– Deyilənlər hamısı boş sözlərdir. Onu Müsavat Partiyasına qısqanclıqla yanaşan və özlərinə ən güclü rəqib hesab edən insanlar deyə bilər. Onlar bu üsulla partiyanı nüfuzdan salmağa çalışırlar. Amma onu da qeyd edim ki, istər Avropa, istərsə də Şərqdə ən nüfuzlu siyasi partiya Müsavat Partiyasıdır. Arif bəy özü də dəfələrlə Avropa siyasi partiyaları ilə tədbirlərə qatılıb. Türkiyə, Avropa, Gürcüstan, Şərq və digər ölkələrdə tanıdıqları birinci partiya məhz elə Müsavatdır. Əgər 100 il ərzində Müsavatı arxivə göndərə bilməyiblərsə, bundan sonra da göndərə bilməyəcəklər.

Zaira Akifqızı
Globalinfo.az