Slovakiyanın Baş naziri Azərbaycana gəldi

Slovakiya Respublikasının Baş naziri Robert Fitso mayın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Globalinfo.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Slovakiyanın Baş naziri Robert Fitsonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

***17:41

Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycana gəlir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Baş nazir Robert Fitso artıq Bakıya yola düşüb.

Bildirilib ki, Baş nazir ikitərəfli münasibətlərin dərinləşdirilməsini müzakirə etmək üçün mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

“Görüşdə Azərbaycan qazının Slovakiyaya ixracı variantları da müzakirə olunacaq.

Slovakiya Baş naziri və Azərbaycan Prezidenti Slovakiya Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaqlar”, – Slovakiyanın hökumət kabinetinin mətbuat departamentindən bildirilib.

Həmçinin Slovakiya və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq.

Səfər zamanı Baş nazir Robert Fitsonu bir qrup sahibkar da müşayiət edir. Onlar Slovakiya ilə Azərbaycan biznes dairələri arasında əməkdaşlığa dair danışıqlar aparacaqlar.

Qeyd olunub ki, bu, Fikonun Avropa İttifaqından kənara ilk xarici səfəridir və məqsəd Slovakiya iqtisadiyyatını dəstəkləmək və yüksək iqtisadi potensiala malik ölkələrlə ikitərəfli əlaqələri inkişaf etdirməkdir.

Slovakiya nümayəndə heyətinə, həmçinin iqtisadiyyat naziri Denisa Sakova, xarici işlər naziri Juraj Blanar və müdafiə naziri Robert Kalinak daxildir.