“Azad sahibkarlığın inkişafı üçün bu addımlar atılmalıdır” – Ekspert

Azərbaycanda son illər diqqət edilən ən çox istiqamətlərdən biri də liberal iqtisadiyyatın və azad sahibkarlığın təşviqinin genişləndirilməsidir.

Azad ticarətin, azad sahibkarlığın və bazar əsaslı iqtisadiyyatların formalaşması istiqamətində son illərdə bir çox işlər görülüb. İqtisadiyyatın şaxələndirilməsi üçün ən əhəmiyyətli istiqamət kimi sahibkarlığın inkişafı ön plana çıxır. Bu, iqtisadiyyatın şaxələnməsi və təsərrüfat sisteminin bir sahədən asılılığının aradan qalxması üçün vacibdir.

Azərbaycanda azad sahibkarlığın təşviqi istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biri də sahibkarlara “investisiya təşviqi sənədi”nin verilməsidir. Bu sənəd ilə sahibkarlar müəyyən edilmiş vaxt ərzində bir sıra vergilərdən azad olunur və onların fəaliyyətinin genişlənməsi üçün müxtəlif güzəştlər tətbiq edilir.

Bəs Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi necə dəyərləndirilir? Bu istiqamətdə nə kimi əhəmiyyətli işlər görülür, yaxud görülməsinə ehtiyac var?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli müstəqillik dövründə Azərbaycanda bu istiqamətdə atılan addımlardan söz açıb:

“Azərbaycanda 1990-cı illərdə xüsusi mülkiyyət qəbul olunub, bazar iqtisadiyyatına keçid edilib. Azad ticarət qanunları, qiymət əmələgəlmə məsələləri təsbit olunub. 2010-cu illərdə isə bazar iqtisadiyyatına keçidin yekunlaşdığı elan edildi, artıq ölkədə bu istiqamət qurulub, formalaşıb. Lakin onun da növləri var. Azərbaycanda liberal iqtisadiyyatdan daha çox, dövlətin iqtisadiyyatı güclüdür. Bunun da təbii əsasları var. Enerji resurslarının bolluğu, təbii sərvətlərin zənginliyi və iqtisadiyyatın gəlirlərinin də əsasən bu istiqamətdə formalaşması, dövlətin aparıcı rolunu müəyyənləşdirir.

Son 30 ilə baxdıqda daha çox oliqarx iqtisadiyyatdan söhbət gedir. Zaman-zaman bu şəxslərin mülkiyyət ötürmələri həyata keçirilir. Onlardan ibarət böyük qruplar iqtisadiyyatı əhatə edir. Bu da nəticədə rəqabət mühitinin istənilən formada olmaması, gəlirlərin bölüşdürülməsində müəyyən qədər problemin yaranmasına gətirib çıxarır”.


Xalid Kərimli

X.Kərimli azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqamətində gələcək üçün görülməli olan işlərə diqqət çəkib:

“Rəqabət mühiti mütləq şəkildə təkmilləşdirilməlidir. Son 30 ildə iqtisadiyyat hansı istiqamətdə formalaşıbsa, onun gələcək iqtisadi proseslərə neqativ təsiri azaldılmalıdır. Nisbətən böyük şirkətlər kiçik şirkətlərin fəaliyyətini məhdudlaşdırmamalıdırlar. Kiçik və orta sahibkarlıq sıradan çıxmasın. Kapitala əlçatanlıq artırılmalıdır. Sahibkarlığa başlamaq istəyən şəxslər bəzən kapital cəlb etməkdə problem yaşayırlar. Bir qrupun böyük kapitalı olur, risklər edə, təşəbbüskarlıq irəli sürə bilir. Lakin bir kəsimin buna imkanı olmur. Rentabelli sahələr monopoliyada olmamalıdır. Ölkə istiqadiyyatında özəl şirkətlərin artırılması, ümumilikdə bir çox şirkətin isə təkmilləşdirilməsinə ehtiyac var. İnvestisiya holdinqi yaradılıb, məmur dəyişiklikləri həyata keçirilir. Lakin hələ ki, ciddi mahiyyət dəyişikliyi tam müşahidə olunmur. Yaxın gələcəkdə dövlət özəlləşdirmə istiqamətlərinə daha açıq olmalıdır”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

Ayşən Mustafa
Globalinfo.az