Hakimiyyət bu addımı Qərbdən qorxduğu üçün atır? – Agentura şəbəkəsi tapşırıq alıb

Son zamanlar həm ABŞ, həm də Avropanın ictimai institutları Azərbaycanın daxilindəki insan haqları sahəsində “problemlərə” “adekvat” reaksiyalar verməyə başlayıb.

Müxtəlif səbəblərdən həbs edilən şəxslərin siyasi məhbus kimi təqdim edilməsi mübahisə yaradır. Üstəlik, bu kateqoriyadan olan məhbuslar azadlığa buraxıldıqda Qərbin ölkəmizdəki trolları qara PR kampaniyasına start verirlər. Bir ağızdan deyirlər ki, iqtidar Qərbdən qorxduğu üçün filankəs azadlığa çıxdı.

Bu qərəzli və tutarsız yanaşmanın səbəbi nədir? Rəsmi Bakı hansı addımları atmalıdır?

Deputat Hikmət Babaoğlu Globalinfo.az-a deyib ki, Avropa və ABŞ ənənəvi olaraq insan haqlarını, media azadlığını bəhanə edib, başqa ölkələrin daxili işlərinə qarışırlar:

Hikmət Babaoğlu

“Bu yolla hədəf ölkənin hakimiyyətinə təzyiq edib öz maraqlarını təmin etmək istəyirlər. Azərbaycana münasibətdə də bu belədir.

Bu gün Gürcüstanda baş verən hadisələr isə bu siyasətin ən pik həddidir. ABŞ 1937-ci ildən bəri “xarici agentlər haqda” qanun qəbul etdiyi halda Gürcüstanın bənzər qanunu qəbul etməsini insan hüquq və azadlıqlarına müdaxilə kimi qiymətləndirir.

Artıq Qərbin bu silahı əlindən alınmağa başlanılıb. Hər kəs başa düşür ki, demokratiya, insan hüquq və azadlıqları, universal dəyərlər Qərb üçün başqa ölkələrə təzyiq etmək üçün bir vasitədir. Getdikcə bu silahın əlindən çıxdığını görən Qərb şübhəsiz buna müqavimət göstərir.

Bu gün təkcə Azərbaycanda deyil, hər hansı bir ölkədə qanun pozuntusuna görə həbs edilmiş şəxslər vaxtından əvvəl azad edilirsə, ya da daha yüngül cəza verilirsə, Qərb və ABŞ bu hadisəni öz nailiyyəti kimi qələmə verir”.

Deputatın fikrincə, Qərb bu məsələdə təzyiq vasitəsi kimi təsir agentlərindən istifadə edir:

“Milli dövlətlərə qarşı informasiya müharibəsinə cəlb edilmiş şəxslər isə bunu bəh-bəh ilə danışıb dilə gətirir. ABŞ və Qərb özünü hər zaman qalib kimi görür. Lakin dünya dəyişir. Çoxqütblü dünya nizamı güclənib. Bu planlar artıq işə yaramır”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Turan Rzayev
Globalinfo.az