Ölkəmizə qarşı hazırlanmış xain plan… – Bakının qəti həmləsi

Azərbaycanda xarici kəşfiyyat orqanlarına və onların uzantılarına qarşı keçirilən əməliyyatlar davam edir. Xüsusən İranın sözügedən istiqamətdə ölkəmizdə yaratdığı şəbəkələr bir-bir sıradan çıxarılır.

Maraqlıdır, bu qruplarla daha hansı formada mübarizə aparmaq olar?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Azərbaycan hüquq-mühafizə orqanları bir müddətdir bu tədbirləri həyata keçirir:

Ceyhun Məmmədov

“Bu, hansısa ölkəyə qarşı yönəlmiş addım deyil. Bu gün ölkəmizdə təhlükəsizliyimiz və dini radikalizmlə bağlı məsələlər dövlətimizin diqqətindədir. Zaman-zaman müxtəlif tədbirlər həyata keçirilib, addımlar atılır. Sosial şəbəkələrdə radikal çıxışlar, fikirlər səsləndirən şəxslərlə bağlı da dövlətimiz işlər görür. Bir sıra hallarda bu çağırışların əsasında Azərbaycanda islam dövləti qurmaq durur. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan dünyəvi dövlətdir. Hər kəs qanunlara hörmətlə yanaşmalıdır. Dövlət həm də öz dini təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıyır: vətəndaşları qarşısında vəzifələri var. Hər birimiz bu məsələlərə həssas yanaşmalı, dövlətin siyasətini də mütləq nəzərə almalıyıq”.

Politoloq Ramiz Alıyev də vurğulayıb ki, Azərbaycanın hüquq-mühafizə orqanları ölkəmizə qarşı hər hansı təxribatda iştirak edən cinayətkar qrupların nümayəndələrini ifşa etməklə ölkəmizə dəyəcək zərərlərin qarşısını öncədən alır:

“Azərbaycan polisi sayıqlığı, peşəkarlığına görə digər böyük ölkələrə nümunə kimi göstərilir. Bu, təbii haldır. Ölkə daxilində müəyyən qruplaşmaların həyata keçirmək istədikləri təxribatların qarşısı böyük şücaətlə alınıb.
Bu gün rayonlarımızda İranın xüsusi xidmət orqanlarına çalışan və onların sifarişlərini yerinə yetirən qrupların ifşa olunub, saxlanılması dövlətimizin təhlükəsizliyi üçündür. Bu prosesin davam edəcəyi, yeni təxribatçı qrupların ifşa olunacağı istisna deyil. “Sapı özümüzdən olan baltalar” zərərsizləşdirilməlidir. Vətəndaşlarımızın xarici ölkənin xüsusi xidmət orqanlarında alət kimi istifadə edilməsi təəssüf doğurur”.

Ramiz Alıyev

Politoloqun sözlərinə görə, dünyanın hər ölkəsində bu kimi hallara tez-tez rast gəlinir:

“Azərbaycan əbəs yerə təhlükəsiz ölkələr sırasına daxil edilməyib. Bu siyahıda rəsmi Bakı ilk 50-liyə düşüb. Vətəndaşlarımızın və xaricdən gələn insanların bu gün rahat yaşaması Azərbaycan polisinin, hüquq-mühafizə orqanlarının fəaliyyəti nəticəsindədir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: İctimai və dövlət maraqlarının müdafiəsi

Safura Bənnayeva
Globalinfo.az