Ermənistandakı səfirdən ilginc koridor təklifi: Zəngəzur dəhlizi tarix olur?

Litvanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Andrius Pulokas erməni mediasına açıqlamasında deyib ki, Litva Respublikası kommunikasiyaların açılması kontekstində Rusiya Federasiyasının Kalininqrad vilayətinin tranzit sxemi çərçivəsində dəfələrlə öz təcrübəsini həm İrəvan, həm də Bakı ilə bölüşüb. O bildirib ki, Litva və Ermənistan coğrafi baxımdan oxşardır.

Səfir Ermənistanla Azərbaycan arasında mümkün kommunikasiyaların açılması imkanlarını və eyni kontekstdə Litva və Rusiya Federasiyasının mövcud təcrübəsini müqayisə edərək qeyd edib.

“Rusiya Federasiyasının Kalininqrad vilayəti Azərbaycanın Naxçıvan Muxtar Respublikası kimi eksklavdır və ölkənin əsas ərazisi ilə rabitəsi vacibdir. Litvanın AB-yə daxil olması bu sahədə də həlledici rol oynadı. AB, Litva və Rusiya “Kalininqrad tranziti” adlandırılan sxem üzrə razılığa gəliblər və indi, hətta Rusiyanın Ukraynadakı müharibəsi kontekstində belə, materik Rusiya və Kalininqrad vilayətinin sakinləri Litva ərazisindən keçirlər” – səfir deyib.

Azərbaycan ilə Ermənistan arasında kommunikasiyaların açılması Kalininqrad vilayətinin tranzit sxemi çərçivəsində baş tuta bilər? Ermənistan, Azərbaycan bu təklifi dəyərləndirəcək? Qeyd edilən təklif rəsmi Bakının maraqları çərçivəsindədir?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, Rusiyanın Kalininqrad vilayəti yarım eksklav hesab olunur:

“Onun Rusiya ilə yalnız su yolu əlaqəsi var. Kalininqradın Rusiya ilə quru yolla əlaqəsi isə yalnız Belarus üzərindən “Suvalki dəhlizi” vasitəsilə mümkündür. Kalininqrad vilayəti ilə Belarusu birləşdirən Suvalki dəhlizi təxminən 100 kilometr uzunluğunda olan quru yoldur. Xəritəyə baxsanız, bu, Polşa-Litva sərhədi boyunca uzanan dar bir torpaq zolağıdır.

Fikrət Yusifov

Suvalki dəhlizi əslində Polşa ərazisidir. Dəhliz onun ərazisində yerləşən Polşanın Suvalki şəhərinin şərəfinə adlandırılıb. Tarixən 1867-1917-ci illərdə Rusiya imperiyasının tərkibində olan Suvalki vilayəti bu torpaqlarda yerləşirdi. Şimalda və şərqdə (müasir Litva) vilayətin təbii sərhədi Neman çayı idi. Dəhlizin adı onun ərazisində yerləşən Polşanın Suvalki şəhərinin adından götürülmüşdür.

Bu dəhliz vasitəsilə eyni zamanda Baltikyanı ölkələr Polşa ərazisi vasitəsilə Avropa ilə quru yol əlaqəsinə malikdirlər”.

Ekspert deyib ki, sərhədi keçmək üçün Rusiya vətəndaşlarından Şengen vizası tələb olunur:

“Bu sırada istisna yalnız Litvadan, həmçinin Belarusdan Rusiyaya tranzit keçən Rusiya vətəndaşları üçün edilir. Onlar Litva konsulluğu tərəfindən verilən sadələşdirilmiş sənədlərdən istifadə edərək sərhədi keçə bilərlər. Sərhədi keçmək üçün iki növ sənəddən istifadə olunur.

1. Sadələşdirilmiş Tranzit Sənədi – istənilən nəqliyyat növü ilə Litvaya daxil olmaq və 24 saat ərzində oradan Kalininqrada keçmək və ya əksinə, Kalininqraddan Belarus ərazisinə keçmək imkanı verir.

2. Sadələşdirilmiş Dəmiryolu Tranziti Sənədi – dəmir yolu kassasında sifariş edilir və konsul tərəfindən sərnişinə verilir.

Göründüyü kimi, Rusiya ilə onun yarımeksklav ərazisi olan Kalininqrad vilayəti arasında gediş-gəliş üçün müəyyən bir mexanizm yaradılıb və o, artıq uzun illərdir ki, işləyir”.

F.Yusifov hesab edir ki, Azərbaycanla Ermənistan arasında da qarşılıqlı razılaşma əsasında Azərbaycan vətəndaşlarının Mehri dəhlizi üzərindən Naxçıvana və əksinə hərəkətini tənzimləyən daha təkmil və daha sədə bir mexanizm yaratmaq mümkündür:

“Unutmayaq ki, Naxçıvanla Azərbaycan arasında quru yolların açılması 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin birgə imzaladığı Bəyannamənin bu günə qədər icra edilməmiş tələblərindən biridir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını şərtləndirəcək əsas məqamlardan biri də budur. O səbəbdən hesab edirəm ki, yaxın aylarda Mehri dəhlizi üzərindən Naxçıvana gediş-gəlişin məqbul mexanizmini işə salmaq mümkün olacaqdır”.

Turan Rzayev
Globalinfo.az