Ermənilərin ən böyük “gücü” parçalandı: “Türk dünyası hərəkətə keçməlidir”

Son zamanlarda bir sıra Ermənistan rəsmiləri və siyasətçilərinin çıxışlarında “erməni diasporunun yenilənməsi” kimi ifadələr eşidilməyə başlayıb. 

Hətta ABŞ və digər Avropa ölkələrində fəaliyyət göstərən erməni diaspor nümayəndələri və lobbi qrupları arasında parçalanmaların olduğu deyilir. Buna rəğmən son olaraq Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qətnamə, ümumilikdə sərgilənən qərəzli mövqenin səbəblərindən biri kimi erməni lobbisinin yalanları və təsir gücü göstərilir. Paralel olaraq isə Azərbaycan diasporunun xüsusi ilə Vətən müharibəsindən sonra beynəlxalq arenada daha da aktivləşdiyi müşahidə olunur.

Bəs hazırkı vəziyyətdə Azərbaycan diasporu və lobbisi necə bir mövqe tutmalı, hansı amillər nəzərə alınaraq addım atılmalıdır? 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli bildirib ki, erməni diasporunun yenilənməsi ilə bağlı fikirlər uzun müddətdir ki, səsləndirilir:

Elçin Mirzəbəyli

“Xüsusi ilə 44 günlük müharibədən sonra bir sıra Avropa ölkələrində keçirilən konfranslarda Ermənistan diasporunun nümayəndələri tərəfindən müxtəlif fikirlər səsləndirilir. Onların ifadə etdiyinə görə, erməni diasporu hazırda üç hissəyə bölünüb. Yəni üç ayrı dövrün insanlarını təmsil edən ermənilər bir çox hallarda vahid təşkilatda bir araya gələrək ümumi maraqlar müstəvisində çıxış edə bilmirlər. Çünki prinsiplər, yanaşmalar, dünya görüşü fərqlidir. Onlardan bir hissəsi vaxtı ilə Türkiyədən xarici ölkələrə köçən, beyinləri qondarma “soyqrımı” iddiaları ilə zəhərlənmiş insanlardır. O qəbildən olanlar heç bir halda bu iddiaların aradan qalxması, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması təklifinə razı deyillər. Bunlar birinci kateqoriyadan olan erməniləridir”.

Politoloq erməni diaspor nümayəndələrinin fərqli şəkillərdə fəaliyyət göstərdiyini qeyd edib:

“İkinci kateqoriyadan olan ermənilər artıq yaşadıqları cəmiyyətə müəyyən qədər inteqrasiya etmiş, praqmatik maraqlar əsasında siyasət yürütmənin tərəfdarı olanlardır. Müxtəlif təşkilatlarda təmsil olunsalar da, aralarında fikir ayrılıqları var. Son dövrlərdə xüsusi ilə Fransa diasporunun timsalında belə fikir ayrılıqları qismən də olsa, müşahidə edilir.

Üçüncü kateqoriyaya daxil olan erməni diaspor nümayəndələri isə əsasən SSRİ-nin süqutundan sonra Ermənistanı tərk edən şəxslərdir. Onları daha çox öz həyatlarını qurmaq, qazanc əldə etmək kimi məsələlər maraqlandırır. Ənənəvi olaraq erməni diasporunun təşkilatlanması prosesində əksər hallarda aktiv şəkildə iştirak etmirlər”.

E.Mirzəbəylinin sözlərinə görə, onlar arasında bölünmələr var, hər kəsim fərqli maraqlara xidmət edir:

“Son bir neçə ildir aparılan müzakirələrdə əsas məsələ bu üç kateqoriyanın bir araya gətirilməsidir. Hər kateqoriya fərqli maraqlara xidmət edir. Bir qismi Qərbyönümlü siyasətin, bir qismi region dövlətləri ilə normal münasibətlərin, digər qismi isə Rusiya ilə əlaqələrin düzəlməsinin tərəfdarıdırlar. Amma Azərbaycan və Türkiyəyə qarşı onlar vahid mövqedən çıxış edirlər. Ermənistanın vahid bir neçə erməni təşkilatları var. Avropada, Amerika Birləşmiş Ştatlarında, Kanadada və s. bir sıra ölkələrdə federasiyaları mövcuddur. Onlar həm kilsə, həm də millətçi diaspor qurumları vasitəsi ilə təşkilatlanırlar. Maraqlıdır ki, ermənilər bu təşkilatlanmalara rəhbərlik edən şəxslərin onların yaşadığı xarici ölkə və şəhələrin siyasi həyatında fəal iştirak etməsinə yardım edirlər”.

Politoloq qeyd edib ki, diaspor və təbliğat prosesində əsas məsələ say deyil, keyfiyyətdir:

“Düşünürəm ki, bizdə də bu istiqamətdə tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Ayrı-ayrı türk dövlətlərinin müxtəlif ölkələrdə təmsil olunan diaspor qurumlarının birləşməsi vacibdir. Bu gün türk xalqlarını təmsil edən insanların sayı ABŞ və Avropada kifayət qədərdir. Amma onların şəbəkələşməsi və koordinasiya olunmasında problemlər var. İlk növbədə prosesin şəffaf şəkildə həyata keçirilməsinə diqqət edilməlidir. Azərbaycandan kənarda olan və məskunlaşdıqları ölkələrdə üstün mövqe qazanan şəxslərin dəstəklənməsi gərəkdir. Çalışmaq lazımdır ki, azərbaycanlılar xarici ölkələrdə daha çox uğur qazansınlar. Belə olan halda onların ölkəmiz haqqında söylədikləri ən adi fikir belə cəmiyyətdə rezonans doğuracaq”.

Azərbaycan diasporunun fəaliyyətini Globalinfo.az-a şərh edən politoloq Əhəd Məmmədli bu istiqamətdə bir sıra məqamlara diqqət edilməli olduğunu bildirib:

Əhəd Məmmədli

“Erməni lobbisinin bu qədər güclü olmasının səbəblərindən biri də ciddi xristian təəssübkeşliyinin olmasıdır. Lakin hər şeyi din təəssübkeşliyinə bağlamaq da doğru olmaz. Azərbaycan diasporu da hazırkı vəziyyətdə aktiv olmalıdır. Məsələn, səfirliklərə, konsulluqlara vətənpərvər, dövlətçilik və millətçiliyin nə olduğunu bilən şəxslər təyin edilməlidir. Mütləq şəkildə ideoloji bir xarici siyasət qurulmalıdır. Məsələn, Türkiyədə bu var, hədəf “Qızılalma”dır. Onlar bu hədəfə doğru gedirlər. Bizim üçün vahid hədəfin olması və bu istiqamətdə güclü təşkilatlanma zəruridir. Hesab edirəm ki, Azərbaycan dövləti bunu edə biləcək gücə sahibdir. Sadəcə daha çox çalışmaq, iradə lazımdır”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.

Ayşən Mustafa
Globalinfo.az