İDDİA: “Azərbaycan Dövlət Himninin sözləri əslində bu şəxsə məxsusdur”

Zaman-zaman gündəmə gələn və müzakirə olunan mövzulardan biri də Azərbaycan Dövlət Himninin sözlərinin kimə məxsus olmasıdır. Bu günlərdə bəstəkar Firudin Allahverdi himnin sözlərinin şair Əhməd Cavada aid olmadığını bildirib.

Sitat: “Geniş zəhmətkeş kütlələr Əhməd Cavadı artıq uzun müddətdir ki, dövlət himninin mətninin müəllifi kimi bilir. Amma eyni zamanda, mövzuyla maraqlanan xeyli adam da bilir ki, himnin sözlərinin müəllifi o deyil. 1919-ci ildə nəşr olunmuş “Milli nəğmələr” kitabında “Cəmo bəy” imzası ilə gedib. Çox güman ki, bu, Cəmo bəy Cəbrayılbəylidir. Necə bu mətn 1980-lərin sonu, 90-ların əvvəlində Əhməd Cavadın adına yazılıb, bu ayrı söhbətin mövzusudu – bilənlər bilir. Amma bir şey dəqiqdir: biz cəmiyyət olaraq 30 ildən çoxdur bir şairin haqqını yeyirik. Hamımız, kütləvi şəkildə”.

Azərbaycan Dövlət Himninin müəllifi kimdir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan tədqiqatçı Dilqəm Əhməd deyib ki, himnin müəllifinin Əhməd Cavad olduğuna dair bir dənə də mənbə, fakt yoxdur.

Dilqəm Əhməd

Onun sözlərinə görə, mühacirət mətbuatında himnin mətni birmənalı olaraq müəllifsiz verilib:

“Halbuki Əhməd Cavadın milli hökumət dövründə yazdığı əksər şeirləri mühacirlər yenidən dərc ediblər. Cümhuriyyət dövründə çıxan bir kitabda mətnin altında açıq şəkildə Cəmo bəy yazılıb. Bu şəxs isə Cümhuriyyət dövründə ana dilində təhsil verən ilk müəllimlərdən olan şamaxılı Cəmo bəy Cəbrayılbəylidir. Üzeyir bəylə yaxın dostluğu olub, özünün də musiqi qabiliyyəti olub”.

Tədqiqatçı təəssüflə qeyd edib ki, müstəqillik illərində ölkə təzə qurulurdu deyə, araşdırma aparmadan müəllif kimi Əhməd Cavadın adına yazıldı:

“İndən belə həqiqəti bərpa etmək necə mümkün olacaq, maraqlıdır. Amma bütün hallarda Cavad özü sağ olsaydı, bu haqsızlığa göz yummazdı, Cəmo bəyin haqqını verərdi”.

Dilqəm Əhməd deyib ki, hətta Cəmo bəy Cəbrayılbəylinin öz xətti ilə yazdığı əlyazma mövcuddur.

Zaira Akifqızı
Globalinfo.az