Professor Busua: “Bakı və İrəvan mayın 10-da tarix yazacaq”

“Azərbaycan və Ermənistan ilin sonuna kimi beynəlxalq vasitəçilik formasının köhnəldiyini sübut edə bilərlər”.

Globalinfo.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə professor Sebastian Busua məşhur “Le Figaro” qəzetində nəşr olunan məqaləsində qeyd edib.

“Onilliklər boyu davam edən müharibədən sonra dünyanın alovlandığı bir vaxtda regionda ikitərəfli sülhün bərpasına ümid var. İndi iki ölkə beynəlxalq vasitəçilik formasının köhnəldiyini sübut edə bilər. Rusiya, ABŞ və Avropa İttifaqı vasitəçiliyə cəhd etdi, lakin Bakı və İrəvan arasında sülhə nail ola bilmədi. Mayın 10-da Qazaxıstanın Almatı şəhərində yeni ikitərəfli görüş baş tutacaq. Ev sahibi ölkə danışıqlarda heç bir rol oynamayacaq, lakin bu yerin güclü simvolik dəyəri var. Belə ki, SSRİ-nin dağılması zamanı ittifaqın sonunu təsdiqləyən Alma-Ata Bəyannaməsi orada imzalandı. Mayın 10-da bu şəhərdə tarix yenidən yazıla bilər”.

“Əslində Ermənistanın artıq seçimi yoxdur. Ölkə mümkün qədər tez regional dinamikaya yenidən inteqrasiya etməlidir. Hər iki tərəf ümid edir ki, saziş noyabrın sonunda Bakıda baş tutacaq COP29-dan əvvəl imzalanacaq”, – professor əlavə edib.

Ayşən Mustafa
Globalinfo.az