Azərbaycan təhlükəsiz ölkə adını belə qazandı – terror təhlükəsi üzrə “0” indeks

“Global Terrorism Index 2024” (GTI) Hesabatı dövlətlərin terror təhlükəsinə görə növbəti reytinqini təqdim edib. Həmin siyahıda Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0” indekslə sonuncu – 89-cu yerdə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə qərarlaşmaqla, dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi ən yüksək reytinqə sahiblənib. Azərbaycanın siyahıda belə yüksək mövqedə qərarlaşması həm 2020-ci ildə tarixi Zəfərlə bitən 44 günlük müharibədə, həm də 2023-cü ilin 19-20 sentyabrında keçirilən antiterror əməliyyatlarında ortaya qoyulan yüksək peşəkarlıqla əlaqəlidir. Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməklə yanaşı, regiondakı terror yuvasını da aradan qaldırdı.

Mövzunu Globalinfo.az-a şərh edən deputat Bəhruz Məhərrəmov qeyd edib ki, Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada yerləşməsinə baxmayaraq, Azərbaycanın “Global Terrorism Index 2024”də dünyanın ən təhlükəsiz ölkəsi kimi bəyan olunması cənab İlham Əliyevin böyük Zəfərimizlə nail olduğu tarixi uğurdur.

Deputat deyib ki, Azərbaycanda artıq 10 illərdir ictimai qayda, ictimai təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir, istər Ulu Öndər Heydər Əliyev, istərsə də möhtərəm Prezident həmişə sabitliyə Azərbaycanın ən qiymətli sərvətlərindən biri kimi yanaşıb və haqlı olaraq bu nailiyyətdən qürurla bəhs ediblər:

“Lakin 30 il davam etmiş işğal və Azərbaycanın nəzarətindən kənar qalmış həmin ərazilərdə Ermənistanın himayəsi altında terrorçu-separatçı rejimin mövcudluğu həmin bölgədə təhlükəsiz həyata təminat vermirdi. Amma 2020-ci ildə Vətən müharibəsi və ötən ilin sentyabrında antiterror tədbirləri ilə Azərbaycanın özünün ərazi bütövlüyü və suverenliyini təmin etməsi bu qəbuledilməz status-kvoya son qoydu. Xüsusən antiteror tədbirləri ilə Cənubi Qafqazdakı ən böyük terror yuvası dağıdıldı, ana ideologiyası terror olan erməni separatizminə tarixin ən güclü zərbəsi vuruldu. Eyni zamanda cənab İlham Əliyevin qətiyyəti ilə terrorçulara rəhbərlik etmiş ünsürlərin açar fiqurları yaxalanaraq Azərbaycan ədalət mühakiməsinə təqdim edildi. Dünən Müzəffər Ali baş Komandanın Xankəndi şəhərində, separatizmin ideoloji mərkəzi olan və dövlət başçımızın tapşırığına uyğun olaraq artıq sökülmüş “parlament” binasının yerində Novruz tonqalını alovlandırarkən qeyd etdiyi kimi, “separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür”.

Bəhruz Məhərrəmov bu gün birmənalı şəkildə artıq Azərbaycan daxilində hər hansı təhdid və təhlükənin mövcud olmadığını vurğulayıb:

Global Terrorism Index açıqlandı - Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində

“GTI sıralamasında da “0” indekslə sonuncu – 89-cu yerdə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə qərarlaşması da məhz bu reallığın inikasıdır və Azərbaycan rəsmən dünyada terrorla bağlı tam təhlükəsiz ölkələrdən biri kimi ən yüksək reytinqə sahiblənib. Lakin Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində də qeyd etdiyi kimi, “Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq”. Bildiyiniz kimi, zəfərlərimizin ardınca Fransa, Avropa Parlamenti, AŞPA kimi beynəlxalq və regional subyektlərin Azərbaycana qarşı təhdid və qarayaxma kampaniyalarına şahidlik edirik”.

Deputat deyib ki, Avropa İttifaqı (Aİ) rəsmən öz qətnaməsində terrorçulara azadlıq çağırışı ifadə edir, habelə Fransa dövlət səviyyəsində terrorizmi müdafiə edən davranışlar sərgiləməkdədir:

“Düzdür, bu subyektlərin regionda hərəkət imkanları geniş deyil. Bildiyiniz kimi, ötən ilin sonunda Azərbaycan xüsusi xidmət orqanları Fransanın, bütövlükdə Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərq və Şərqi Avropanı əhatələyən casus şəbəkəsini ifşa edərək ciddi təxribat planlarının qarşısını almışdı. Yəni bu mənada, Fransa qərəzli bəyanatlar və Natəvanın heykəlinə qarşı törədilən vəhşilik fonunda vandalizm əməllərindən, habelə Ermənistanı silahlandırmaqdan daha irəli gedə bilmir. Azərbaycan isə əksinə, güc və imkanları artdıqca daha təhlükəsiz coğrafiyaya çevrilməkdədir. Cənab İlham Əliyevin 10 may 2023-cü ildə Şuşadakı tarixi çıxışında da ifadə etdiyi kimi, “Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür. İndi bir daha demək istəyirəm ki, dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır”.

Düzdür, xüsusən COP29 ərəfəsi Azərbaycanın təhlükəsizlik mühiti ilə bağlı qarayaxma kampaniyalarına start verilmişdi, lakin GTI indeksi bu cəhdlərin də üzərindən xətt çəkdi və bir daha sübut etdi ki, qlobal qeyri-sabitlik zəminində Azərbaycanda təhlükəsiz mühit həm də ölkəmizi beynəlxalq təbirlər üçün ideal məkana çevirir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.

Zaira Akifqızı
Globalinfo.az