Almatı bəyannaməsi nədir? – Bu sənəd haqda maraqlı məqamlar

Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiya prosesinin başlamasından sonra tez-tez səslənən ifadələrdən biri də 1991-ci il Almatı bəyannaməsidir.

İki ölkə arasında sərhədlərin müəyyən edilməsi bu sənəd əsasında aparıla bilər. Buna ən çox çalışan rəsmi İrəvandır.

Aprelin 19-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü çərçivəsində delimitasiya prosesinin Almatı bəyannaməsinə əsasən aparılması razılşadırıldı.

Bəs bu Almatı bəyannaməsi nədir? Orada hansı məsələlər öz əksini tapıb? Hansı prosesdən doğub? Orda nə yazılıb? Əsas müddəalar nədir?

Globalinfo.az Almatı bəyannaməsi haqda məlumatları təqdim edir.

Almatı bəyannaməsi və ya Almatı müqaviləsi 21 dekabr 1991-ci ildə Almatı görüşündə imzalanıb. Sənədi Azərbaycan (Ayaz Mütəllibov – prezident), Ermənistan (Levon Ter-Petrosyan – prezident), Belarus (Stanislav Şuşkeviç – Ali Sovetin sədri), Qazaxıstan (Nursultan Nazarbayev – prezident), Qırğızıstan (Əsgər Akayev – prezident), Moldova (Mirça Snequr – prezident), Rusiya (Boris Yeltsin – prezident), Tacikistan (Rahmon Nəbiyev – prezident), Türkmənistan (Saparmurat Niyazov – prezident), Özbəkistan (İslam Kərimov – prezident), Ukrayna (Leonid Kravçuk – prezident) imzalayıb.

Almatı bəyannaməsi ilk növbədə 8 dekabr 1991-ci il tarixdə Sovet Sosialist Respublikaları İttifaqının ləğv edilməsi barədə RSFSR, Belorusiya və Ukrayna tərəfindən imzalanmış “Belovej razılığını” təsdiqləyir.

Alma-Ata bəyannaməsi” - Mütəllibovla Ter-Petrosyanın imzaladığı sənəddə nə  YAZILIB…

Bəyannaməyə qədər Belovej razılığı hüquqi baxımdan etibarsız hesab edilirdi. Çünki SSRİ konstitusiyasının 1409 saylı “İttifaq respublikasının SSRİ-dən ayrılması ilə bağlı məsələlərin həlli qaydası haqqında” qanununa görə, İttifaqın beynəlxalq hüququn subyektliyini itirməsinə, yəni ləğv edilməsinə yalnız ümumxalq səsverməsi (referendum) vasitəsilə birbaşa xalq qərar verməli idi. Lakin B.Yeltsin, L.Kravçuk və S.Şuşkeviç Sovet İttifaqının digər subyektlərinin rəyini nəzərə almadan, bununla belə SSRİ Konstitusiyasının normalarını pozmaqla səlahiyyətləri olmadıqları halda bu qeyri-hüquqi müqaviləni imzaladılar.

Onu da qeyd etmək lazımdır ki, bu müqavilənin əsli “itirilmişdir”. Heç bir dövlətin arxivində yoxdur. Ona görə də bu müqavilənin şərtləri haqqında detallı məlumat yoxdur.

Almatı bəyannaməsi həmçinin 8 dekabr 1991-ci il tarixində yaradılmış MDB-nin varlığını qəbul etdi. Bəyannamədə MDB-nin məqsəd və prinsipləri, habelə əsasları qeyd edilib. Bundan başqa, sammitdə iştirak edən 11 üzv dövlət Müstəqil Dövlətlər Birliyinin Sovet İttifaqını əvəz etməsi ilə bağlı razılığa gəlmişdilər. Bu qərar protokolla müəyyən edilmiş və protokolun bütün üzv dövlətlərin parlamentləri tərəfindən təsdiqindən sonra qüvvəyə minməsi əsas götürülmüşdür.

İclasda Rusiya Federasiyasına Sovet İttifaqını Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında nümayəndəsi olmaq səlahiyyəti verilmişdir.

Rusiyanın BMT-də Belarus və Ukrayna istisna olmaqla, MDB-yə üzv olan digər dövlətlərin maraqlarını müdafiə etmək mandatı qəbul edilib.

İclasda MDB-nin təsisatlarının yaradılmasına dair protokol hazırlanmış, iclasın sonunda “Almatı bəyannaməsi” dərc edilmişdir.

Alma-Ata Bəyannaməsində bəyan edilən mövzular Müstəqil Dövlətlər Birliyinin ümumi siyasi və iqtisadi məkan olması;

Beynəlxalq sülhün müdafiəsi məsuliyyətini öz üzərinə götürməsi;

Üzv respublikalar bir-birlərinin ərazi bütövlüklərinə hörmətlə yanaşacaqdırlar və Respublikaların mövcud dövlət sərhədləri dəyişdirilməyəcəkdir;

Respublikaların suverenliyi prinsipi mühafizə edilib saxlanılacaq və onlar bir-birləri ilə bərabər statusa malik olacaqdırlar;

Cəmiyyətin sülhə, azadlığa və insan hüquqlarına hörmət edəcəyi;

Beynəlxalq hüquqa hörmət ediləcək və Sovet İttifaqının üzərinə götürdüyü beynəlxalq öhdəliklər lazımi səviyyədə yerinə yetiriləcəkdir;

Bəyannamədə həmçinin də bildirilir ki, Müstəqil Dövlətlər Birliyinin beynəlxalq hüquqi subyekti yoxdur.

Bundan əlavə, sammitdə qəbul edilmiş başqa bir protokol ilə MDB-nin özündə də yenidən strukturlaşdırılmanın prinsipləri müəyyən edilmiş və izah edilmişdir.

Alma-Ata bəyannaməsi (1991) — Vikipediya

Buna görə üzvlər arasındakı koordinasiyanı təmin etmək məqsədi ilə təşkilatın ali siyasi orqanı kimi MDB-yə üzv respublikaların dövlət başçılarından ibarət “Dövlət Başçıları Şurası” yaradılmışdır. Bundan əlavə, hökumət başçıları səviyyəsində də bir şura yaradılmışdır.

Dövlət Başçıları Şurasının 1991-ci il dekabrın 31-də bir yerə yığılması və Sovet İttifaqına məxsus bütün orqanların mövcudluğuna son qoyulması və onların yerinə yeni orqanların yaradılmasının müzakirə edilməsi qərara alınmışdır.

Almatı sammiti ilə 21 dekabr 1991-ci ildə Sovet İttifaqını formalaşdırmış 15 respublika de-fakto Sovet İttifaqının varlığına son qoymuşdurlar. Bunlardan 11 respublika hər bir respublikanın müstəqilliyi və bərabərliyi prinsipinə xələl gətirmədən öz aralarında yenidən təşkilatlanma yoluna getmişdirlər.

Əslində, bu tarixlərdə Mixail Qorbaçovu aradan qaldırmağa müvəffəq olan Rusiya Federasiyasının Prezidenti Boris Yeltsin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş daimi üzvündən dördünün dövlət başçılarına məktub göndərərək, Sovet İttifaqının Şuradakı mövqeyinin və yerinin Rusiya Federasiyasına verilməsini xahiş etmişdir. Bu xahişdən sonra 22 dekabr 1991-ci ildə Sovet İttifaqının nümayəndəsi sonuncu dəfə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının və Təhlükəsizlik Şurasının iclaslarında iştirak etmiş və bu tarixdən etibarən onu Rusiya Federasiyasının nümayəndəsi əvəz etmişdir.

1991-ci il dekabrın 23-də ABŞ prezidenti Müstəqil Dövlətlər Birliyinin yaradılması münasibətilə Boris Yeltsini təbrik etmişdir. Həmin gün Avropa İttifaqı bəyanat yayaraq “Keçmiş Sovet Sosialist Respublikaları İttifaqının beynəlxalq hüquq və öhdəliklərini Rusiya Federasiyasının yerinə yetirməyə davam edəcəyini” elan etmişdir. Böyük Britaniyanın baş naziri də oxşar bəyanatla çıxış etmişdir.

Bu bəyanatlardan sonra Sovet İttifaqı hüquqi cəhətdən də ömrünü başa çatdırmış onun əvəzinə onun beynəlxalq platformalarda nümayəndəsi olmaq səlahiyyətləri MDB-yə keçmişdir. Sovet İttifaqının Prezidenti Qorbaçovun 25 dekabr 1991-ci ildə Prezidentlikdən getdiyini bildirən bəyanatının ardınca 26 dekabr 1991-ci ildə Sovet Parlamentinin Sovet İttifaqının rəsmi şəkildə sona çatmasını təsdiqləməsi ilə hadisələrin axarı rəsmi şəkildə hamıya məlum olmuşdur. Bu bəyanatlardan sonra Sovet İttifaqı 74 illik tarixi ömrünü qanuni baxımdan, faktiki olaraq və rəsmi formada başa vurmuşdur.

Turan Rzayev
Globalinfo.az