Həmin vaxt Azərbaycan müstəqilliyini itirə bilərdi – Politoloq

Dövlət quruculuğunda ən böyük rollardan biri vətəndaş cəmiyyətinə aiddir. Demokratik cəmiyyətin formalaşmasında, ictimai maarifləndirmədə, müxtəlif dövlət əhəmiyyətli layihələrdə, qanunvericiliyin təşkilində vətəndaş cəmiyyətinin rolu danılmazdır.

Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm işlər görülür, silsilə tədbirlər keçirilir. Bu işdə xüsusilə icmalar, qeyri-hökumət təşkilatları, təşəbbüs qruplarından formalaşan vətəndaş cəmiyyətlərinin aktiv fəaliyyəti dövlətin inkişafında, gücləndirilməsində çox vacib amil hesab edilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycanda vətəndaş və cəmiyyət məhfumları bir-biri ilə sıx bağlıdır:

“Dövlətçilik tariximizdə bu məfhumların özünəxas yeri var. Xüsusilə 90-cı illərdə yeni müstəqil olan Azərbaycanda vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsi diqqətdən kənarda qalmış, siyasi mübarizələr ön plana çıxmışdı. Bunun nəticəsində isə cəmiyyətimizdə ciddi qütbləşmə baş vermiş, ölkə vətəndaş müharibəsi astanasına gəlmişdi.

Cəmiyyət daxilində fərqli maraq qruplarının siyasi çəkişmə içində olması və bunun pik həddi kimi silahlanması dövlətçiliyi təhlükə altına alırdı. Yəni Azərbaycan yeni müstəqil olduğu illərdə həm də bu müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə idi.

Mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlişi və ölkədə bu sahədə ardıcıl islahatlar aparması, Azərbaycançılıq ideyası altında cəmiyyəti birləşdirməsi tarixi addım idi. Xüsusilə ordu quruculuğu, iqtisadi sabitlik, diplomatik təşəbbüslərlə paralel vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlət məhfumun pərçimlənməsi üçün islahatlar aparıldı.

Prezident İlham Əliyevin 20 illik hakimiyyətinə baxdıqda Heydər Əliyevdən qalan bu siyasi kursun davam etdirilib təkmilləşdirildiyinin şahidi olduq. Bu gün ölkədə vətəndaş cəmiyyəti bəlkə də ən çox diqqət görən, inkişaf edən sahələrdəndir. Çünki 90-cı illərin acı fəsadları bir daha onu deməyə əsas verir ki, dövləti dövlət edən vətəndaşlardır. Onların təhlükəsizliyi, sülh içində yaşaması və sosial məsələlərdə aktiv olması dövlətin güclü olmasını təmin edir. Buna görə də ölkəmizdə bu sahə hər zaman diqqət mərkəzindədir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu”.

Turan Rzayev
Globalinfo.az