Ölkənin gələcəyi üçün XƏBƏRDARLIQ siqnalı: Təhlükənin qarşısını necə alaq?

Son zamanlarda şagirdlər, yeniyetmələr, ümumilikdə yeni nəsillə bağlı çoxsaylı xoşagəlməz hallar müşahidə edilir. Məktəblərdən yayılan görüntülər, gənclərin daha çox kriminal aləmə meylliliyi, bir-birilərinə qarşı mənfi münasibətləri intensiv müzakirə olunur və narahatlıq doğurur.

Bir çoxları “ölkənin gələcəyi bu gəncliyə görə təhlükədədir” ifadələri ilə həyəcan təbili çalır.

Bəs inkişaf etmiş texnologiya dövründə yetişən “Z” nəsli adlandırılan kəsimin sağlam fiziki və mənəvi inkişafı, cəmiyyətə layiqli şəxsiyyət kimi yetişməsi üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Globalinfo.az -a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil mütəxəssisi Elmin Nuri yeni nəslin formalaşmasında iki amilin zəruri olduğunu bildirib:

Elmin Nuri: “Məktəblərdə valideyn nəzarət mexanizmi inkişaf etməlidir” –  Mektebgushesi

Elmin Nuri

“Son günlər sosial şəbəkələrdə, mediada, televiziyada, ümumiyyətlə, bütün cəmiyyətdə müzakirə olunan, məktəb və təhsil amilini də bir element kimi qabardan hadisələr təəssüfedicidir. İlk növbədə ona görə ki, burada hadisənin iştirakçıları məktəblilərdir. Hadisənin məktəb daxilində, yaxud başqa yerdə yaşanmasının heç bir fərqi yoxdur. Burada söhbət şagirddən gedir. Ona görə də, bəli, məktəbin hüquqi baxımdan nəzarətinin vurğulanması doğru olmaz. Amma məsələnin mənəvi və pedaqoji tərəfi var”.

Ekspert gənclərin doğru yetişdirilməsi üçün ailə və məktəb arasında əlaqənin vacib olduğunu deyib:

“Bu gün şagirdlərin kriminal aləmə, mənfi mövzulara meylli olmasının bir sıra səbəbləri var. Onlardan biri ailə institutu ilə məktəb arasında dialoqun qopmasıdır. Əvvəllər ailə məktəbə təlim-tərbiyə baxımından hazırlıqlı uşaqlar göndərirdi. Həmin uşaqların məktəbdə tədrisi ilə yanaşı, tərbiyə elementləri də gücləndirilirdi. İndi məsələ fərqlidir. Ailələr 1-4-cü siniflərdə təlim-tərbiyəsinə nəzarət etdikləri övladlarını göndərə bilirlər. Amma 5, 6, əsasən də 7-ci sinifdən sonra ailənin uşaqlar üzərində nəzarət mexanizmi itir. Bu isə azyaşlıların davranışlarında hədsiz sərbəstlik və nəticədə yaranan idarəolunmaz vərdişlərin əmələ gəlməsinə səbəb olur”.

E.Nuri qeyd edib ki, digər bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da azyaşlıların sosial şəbəkələrdən istifadəsinə nəzarət edilməlidir:

Yeniyetmələr niyə aqressivdir? -

“Məsələdə ilk günahkar ailə institutunun laqeydliyi, nəzarət mexanizminin itməsidirsə, ikinci günahkar sosial şəbəkələrdir. Bu, çox böyük faktordur. Doğrudur, sosial şəbəkələrin maarifçi istiqaməti də var. Amma bu məsələdə nümunə göstərilən xarici ölkələrdə belə sosial şəbəkələrlə bağlı S.O.S siqnalı çalınır. Artıq ABŞ-ın bir çox ştatlarında 18 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə nəzarət üçün mexanizm hazırlanır. Məsələn, azyaşlı sosial şəbəkədə hesab yaradırsa, bunun üçün valideynin rəsmi icazəsi lazımdır. Qərbin inkişaf etmiş bir çox ölkələrində eyni sistem tətbiq edilir. Biz də bu istiqamətdə bənzər tədbirlər görə bilərik”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”

Ayşən Mustafa
Globalinfo.az