Kreml üçün siqnal: “Rusiya Cənubi Qafqazı itirsə…” – Ayvazyan

“Rusiyanın Cənubi Qafqazı tərk etdiyini söyləmək hələ tezdir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan deyib.

O bildirib ki, Rusiyanın regiondakı mövqeyi xeyli zəifləyib. Lakin onun getdiyini söyləmək hələ tezdir. Baş verənlər Kreml üçün siqnal olmalıdır. Çünki ruslar Cənubi Qafqazı itirsələr, öz ərazilərinin qapılarını açmış olacaqlar.

Ayvazyan Ermənistan və Rusiyanın münasibətləri pozacağına şübhə etdiyini deyib.

“Münasibətlər çətin dövrlərdən keçir. Bu, hər iki tərəfin səhvlərinin nəticəsidir. Ən yaxşı yol  sakit atmosferdə problemləri müzakirə etmək və münasibətləri normallaşdırmaqdır. Ən yüksək səviyyədə təmasların azalması təkcə Ermənistanı deyil, Rusiyanı da narahat etməlidir. Mənə elə gəlir ki, həm Rusiyada, həm də Ermənistanda çaşqınlıq içindədirlər. Biz Avropa İttifaqında nə namizəd, nə də üzv kimi qəbul olunuruq. Bizə deyirlər ki, Rusiyanı Türkiyə əvəz etməlidir. Bəli, Moskva ciddi səhvlərə yol verib, amma biz yenə də Rusiyanı seçməliyik. Əks halda Ermənistan türk dünyasının bir hissəsinə çevriləcək”, – deyə Ayvazyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az