Putinin nəbz yoxlamasına Qərbdən hansı cavab gələcək? – Rusiya liderinin gözlənilməz həmləsi

“Putinin andiçmə mərasimində Qərblə dialoqla bağlı dedikləri “müharibə tərəfdarları” olmadığını nümayiş etdirmək məqsədi daşıyır. Lakin maraqlıdır ki, bundan əvvəlki çıxışları ilə müqayisədə Putinin inaqurasiyada daha çox dialoqdan bəhs etdi”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı, Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində Qərblə bağlı səsləndirdiyi fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ukrayna cəbhəsində və geosiyasi proseslərdəki sürətli dəyişikliklər ola bilər:

“ABŞ-ın Ukraynaya maliyyə yardımı aylar sonra, nəhayət, təsdiq olundu. Bu, qarşıdakı dövrdə cəbhədəki vəziyyətə təsir edə, Ukrayna ordusunu gücləndirə bilər. Digər tərəfdən, ABŞ-da prezident seçkiləri yaxınlaşır və Rusiya ilə dialoqun tərəfdarı olan respublikaçıların hakimiyyətə gəlmək şansları var.

Görünür, Rusiya da Ukrayna məsələsi ilə bağlı danışıqlar masasının indi qurulmasının səmərəli ola biləcəyini düşünür. Putinin andiçmə mərasimində bu haqda danışması prezidentliyinin yeni dövründə dialoqdan tərəfdar olacağı haqda mesaj idi. Bu çağırışın Qərbdə qəbul ediləcəyini demək çətindir.

ABŞ seçkilərə köklənib və seçki öncəsi Ukrayna məsələsində hansısa güzəştin edilməsini istəmirlər. ABŞ-dan maliyyə yardımı alan Ukrayna da artıq bu haqda düşüncələrini geridə qoymağa çalışır. Bu baxımdan, Moskva ilə danışıqların yaxın dövrdə olacağı ehtimalı azdır. Lakin bütün müharibələrdə olduğu kimi, bu müharibədə də tərəflər sonda masada əyləşməlidir”.

A.Nərimanlı deyib ki, hər iki tərəf üçün vacib olan danışıqlar masasına daha güclü formada getməkdir:

“Fikrimcə, qarşıda Ukrayna cəbhəsində toqquşmaların yeni mərhələsi başlayacaq, çünki hər iki tərəf diplomatiyada əlini gücləndirmək üçün hərbi müstəvidə üstünlük qazanmalıdır”.

Turan Rzayev
Globalinfo.az