Nazir müavinindən kritik anons: Azərbaycan bu təşkilata üzv olur

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Təhlil və Strateji Araşdırmalar İdarəsinin müdiri Mahur Qasımovun açıqlaması siyasi arenada müzakirələrə səbəb olub.

O, “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” adlı tədbirdə politoloq Fikrət Sadıxovun “Azərbaycan BRICS-ə üzv olmaq niyyətindədirmi?” sualına, “Niyə də yox?” cavabını verib və bu, maraqla qarşılanıb.

Braziliya, Rusiya, Hindistan, Cənubi Afrika və Çinin yaradıcısı olduğu BRICS təşkilatına son olaraq İranın üzvlüyü təsdiqləndi. Artıq iki qonşu ölkə bu təşkilatın sıralarındadır. Azərbaycanın ABŞ və Avropanın ikili standartlarına məruz qaldığı bir zamanda, daha çox Qərbə rəqib kimi tanınan dövlətlərin iqtisadi inkişaf məqsədi ilə birləşdiyi bu təşkilata üzvlük anonsunun verilməsi xüsusi diqqət çəkir.

Beləliklə yaxın gələcəkdə Azərbaycan BRİKS-ə üzv ola bilərmi? Təşkilata üzvlüyün Bakı üçün riskləri və üstünlükləri nələrdir?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, hazırda dünyanın diqqət mərkəzində ola iki ayrı müharibə əvvəlki sistemi tamamilə dəyişib:

“Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən qarşıdurma beynəlxalq təşkilatların fəaliyyətinin yetərsizliyini ortaya çıxarmış oldu. Bu təşkilatlar dünya siyasəti və münaqişələrə təsir edə bilmirlər. Onların praktiki olaraq belə bir gücü yoxdur. BMT Təhlükəsizlik Şurasında veto hüququnun olması beynəlxalq hüququ iflic vəziyyətinə gətirib. Belə olan halda regional təşkilatların imkanları artır. Qoşulmama Hərəkatına inam güclənir. Regional təşkilatlar beynəlxalq siyasətdə nüfuzlu bir aktor kimi qəbul olunurlar. Bu zaman BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı inkişaf mərhələsində olan birliklər kimi fərqlənirlər. BRICS haqqında mülahizələr çoxdur. Burada əsas dövlətlər Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasıdır. Artıq İranın da təşkilata tam üzv kimi qəbul edilməsi, həmçinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyənin də qoşulmaq haqqında düşüncələrinin olması müəyyən mənada yeni geosiyasi gücün formalaşması mənasına gəlir”.


İlyas Hüseynov

Politoloq qeyd edib ki, birqütblü dünyadan çoxqütblüyə keçid prosesində BRİCS-in rolu və mahiyyəti bir qədər də güclənməkdədir:

“Belə olan halda Azərbaycan da hegemoniya və imperialist güclərin dünyada nəzarəti ələ almağa cəhd etdiyi bir dövrdə bu təşkilata üzv olmağı seçə bilər. Cənubi Qafqazda Avropa İttifaqı və ABŞ ayırıcı xətlər cızmaq məqsədini irəli sürərsə, Azərbaycan üçün seçimlər çoxdur. Bu seçimlər bizə manevr imkanlarımızı daha da genişləndirmək üçün əsaslar yaradır. Düşünürəm ki, Azərbaycan BRICS-ə daxil ola bilər. Bunun üçün siyasi, geopolitik, iqtisadi, humanitar, mədəni və digər məsələlər gözə alınmalıdır. Vaxtı ilə biz Qoşulmama Hərəkatına üzv olanda da şübhələr çox idi.
Hazırda əsas olaraq bölgədə sülhü və təhlükəsizliyi qorumaq üçün inteqrasiya platformasının fəlsəfəsinə baxmaq lazımdır. Siyasi qərar qəbuledicilər buna əsasən müəyyən addımlar ata bilərlər. Əslində Azərbaycanın bu təşkilata üzv olması, Qərb üçün böyük bir zərbə, dezavantajdır. Çünki yavaş-yavaş fərqli güc mərkəzləri meydana gəlir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Ayşən Mustafa
Globalinfo.az