İlk o inandırdı ki, biz Şuşaya, Xocalıya, Laçına gedəcəyik: reallaşan xəyalın memarı…

Hər bir xalqın tarixi onun dünyada özünəməxsus yer tutması üçün mövcud olan milli kimlik pasportudur. Müstəqillik əldə etdikdən sonra milli-mənəvi dəyərlərimizi sistematik formada konseptuallaşdıraraq mühafizə və təbliğ etmək vəzifəsi xalqımızın qarşısında başlıca məsələ kimi dayanırdı. Bunun üçün isə sistemləşdirilmiş dövlət dəstəyi və qayğısı lazım idi.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu missiyanın reallaşdırılması yönündə strategiya hazırlandı və onun sistemli şəkildə reallaşdırılması prosesi uğurla həyata keçirildi.

H.Əliyevin siyasətinin əsasını isə gənclər siyasəti və yetişən gəncliyin milli-mənəvi tərbiyəsi təşkil edirdi. Bu siyasət onun davamçısı Prezident İlham Əliyevin əsas 20 illik hakimiyyəti müddətində uğurla davam etdirildi. Nəticə etibarilə yetişən gənclik 44 günlük İkinci Qarabağ müharibəsində aktiv iştirak edərək tarixi zəfəri bizə bəxş etdi.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, mənəvi dəyərlərimizin daha geniş miqyasda təbliği, ölkəmizin iştirakçısı olduğu sivilizasiyalararası dialoqun formalaşdırılması və inkişaf etdirilməsi, Azərbaycandakı milli azlıqların – müxtəlif xalqların nümayəndələrinin milli həmrəylik şəraitində inteqrasiyaya cəlb olunması mövcud strategiyanın praktik olaraq ana ünsürlərini təşkil edir:

“Hazırda isə bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə modernləşdirilmiş formada davam etdirilir. Hakimiyyətin həyata keçirdiyi iqtisadi, sosial, hüquqi və mədəni siyasətin səmərəli nəticələri bütövlükdə milli-mənəvi dəyərlərimizin də inkişafına, qorunmasına, təbliğinə xüsusi stimul və təkan verir.

Bu gün Azərbaycan gəncliyi özünün qürur mərhələsini yaşayır. Başı dik, qürurla dünyanın hər yerində mən Azərbaycan gənciyəm deyə dolaşa bilir. Çünki onlar artıq qalib ölkənin gənclərdir. Bu qalibiyyət onlarındır. Azərbaycan xalqına unudulmayacaq qələbə sevincini məhz gənclik yaşadıb.

Ümummilli lider Heydər Əliyev Azərbaycan gənclərinə hər zaman güvənirdi. Bir yol çəkdi ulu öndər Azərbaycan gəncləri üçün. Gənclik də həmin yolla getdi. Başda da Heydər Əliyevin ən layiqli davamçısı İlham Əliyev dururdu.

İlham Əliyevin başçılığı ilə gedilən yol nəhayətində Azərbaycan gənclərini Şuşaya Xankəndinə, Kəlbəcərə, Laçına apardı. Bu yol bizi qalibiyyətə apardı. Bu gün fəxrlə deyə bilirik ki, Azərbaycan gəncliyik. Çünki biz qalibik.

Ulu öndərin başçılığı altında keçirilən “Gənclərin respublikası qurultayın”da söylənilən fikirlər, verilən tapşırıqlar gəncliyin vəzifə borcu oldu. Ulu öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan gəncliyi öz oyanış, intibah dövrünə qədəm qoydu.

İlham Əliyev bu siyasi xətti davam etdirdi. Gənclər milli ruhla tərbiyə edildi, xarici təsirlərdən qorundu. Sorosçular da, digər Qərbin agentura şəbəkələri də bizim gənclərə nüfuz edə bilmədilər. Nəticədə əsl Azərbaycan gəncliyi yetişdi. Bu düzgün, dəqiq hesablanmış siyasət idi.

Bunun bəhrəsini 44 günlük Vətən müharibəsi ilə gördük. Azərbaycan gəncləri vahid bir yumruq kimi düşmənin başını əzdilər. Heç kim qaçmadı, hamı irəli atıldı. Torpaq üçün, vətən üçün bütün Azərbaycan gəncləri səfərbər oldu. Vətən üçün öz canından keçən igidlərimiz oldu, gözünü belə qırpmadılar, dastan yazdılar.

Bu dastan əslində illər əvvəl yazılmağa başladı. Ulu öndər bu dastanın əsasını qoymuşdu. Bilirdi, inanırdı, güvənirdi ki, Azərbaycan gəncliyi bacaracaq. Şuşaya, Xankəndinə bayrağımızı sancacaq. Azərbaycan gəncləri dahi rəhbərin etimadını doğrultdu. Hər zaman İlham Əliyev dedilər, ancaq onun arxası ilə getdilər. Sonda qalib oldular. Qalibiyyət Azərbaycan gənclərinə çox yaraşır. Bu yol düzgün yoldur. Bu yol qalibiyyət yoludur, qaliblərin yoludur. Azərbaycan gəncləri hər zaman Heydər Əliyevin yolu ilə gedəcəkdir. Bu yoldakı rəhbərimiz isə daim İlham Əliyev olacaqdır”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

Turan Rzayev
Globalinfo.az