Sülh sazişi bu il imzalana bilər? – Mühüm detal

Ermənistan ilə Azərbaycan sülhə çox yaxındır. Son günlər ölkə başçılarının verdiyi bəyanatlar, rəsmilər səviyyəsində səslənən fikirlər, habelə, beynəlxalq münasibətlərin hazırkı vəziyyəti bunu deməyə əsas verir.

Misal üçün, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin noyabra qədər imzalana biləcəyini dedi.
Azərbaycan Prezidenti İlham Əliyev də aprelin 23-də ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı “COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar. Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə ürəkdən çalışmalıdır” demişdi.

Sülh sazişinin bu il imzalanması mümkündürmü? Hazırda buna mane olacaq hansı faktorlar var? Zəngəzur dəhlizi sülhü nə qədər ləngidə biləcək?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, sülh sazişinin imzalanması ilə bağlı konkret tələblər artıq açıq şəkildə ifadə olunub:

“Azərbaycanın təqdim etdiyi beş prinsipin qeyd-şərtsiz qəbul edilməsi nəticəsində sülh müqaviləsinin imzalanması ehtimalı hər zaman kifayət qədər realdır. Ancaq sazişdən öncə ilkin olaraq Ermənistan tərəfi qanunvericilik aktlarında ərazi iddiaları ilə bağlı müvafiq dəyişiklikləri etməlidir. Əks halda imzalanacaq sülh müqaviləsinin etibarlılıq müddəti Paşinyan hökumətinin fəaliyyət dövründən sonra asanlıqla müzakirə predmetinə çevrilə bilər.

Ümumiyyətlə, ölkənin ən ali hüquqi qüvvəyə malik qanunvericilik aktında başqa dövlətlərə qarşı ərazi iddiaları olan bir dövlətin tərəf olaraq imzaladığı sülh sazişinin etibarlılığı nə qədər mümkün ola bilər?! Əsas sual yaradan məqam məhz budur.

Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr isə sülh gündəliyində sadəcə istiqamətlərdən biridir. Ümumiyyətlə isə ərazi iddiaları ilə bağlı hüquqi öhdəliyin götürülməsi və bunun Ermənistanın qanunvericilik aktlarında da öz əksini tapması ilə bağlı məsələ həll olunarsa, eləcə də kommunikasiya xətlərinin açılması məsələsi ilə bağlı da qısa müddətdə razılıq əldə oluna biləcəyini düşünürəm”.

Turan Rzayev
Globalinfo.az