Bir günə 58 ailə dağılır: Sosioloqdan həyəcan təbili

Cari ilin yanvar-fevral ayında ölkə üzrə rəsmi qaydada 3456 boşanma qeydə alınıb ki, bu da günə 58 boşanma deməkdir. Açıqlanan rəqəmlər ictimaiyyətdə narahatlıq doğurur. Cəmiyyət ölkənin, millətin təhükəsizliyinin təhdid altında olduğunu, ölkədə ailə institutu anlayışının dağılmağa doğru getdiyini qeyd edir.

Boşanmaların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, boşanma adlı xəstəlik ölkədə geniş yayıldığı üçün bunu təcili müalicə etmək lazımdır.

Sosioloqun sözlərinə görə, 2014-cü ildən başlayaraq ölkədə boşanmaların sayı sürətlə artır:

“20 ildir bu sahənin mütəxəssisi olduğumu və nə etmək lazım olduğunu deyirəm. Niyə əməl etmirsiniz axı? Hərə bir tərəfdə məmur olub, özünü Əhməddən ağıllı hesab edir. Fikirləşirlər ki, “böyük kabinetim var və məmuram, sosioloq kimdir axı ona qulaq asaq”. Amma sosioloq sizə bunun qarşısını almağın yollarını göstərir. Məsələn, həkimə müraciət edən zaman bədəndəki vəziyyəti aydınlaşdırmaq üçün pasiyenti laboratoriyaya göndərir, təhlillər aparır. Bu da o deməkdir ki, təcili olaraq ölkədə boşananlar və onların valideynləri arasında sosioloji araşdırmalar aparmaq lazımdır. Mənə imkan yaradılsa, boşananlardan ayrılma səbəbini ayrıca soruşaram, valideynlərdən isə ayrı. Bundan başqa, mütəxəssislər və onları boşandıran məhkəmə arasında sorğu keçirərəm ki, ay hakim, vəkil bu adamlar niyə boşanır? Artıq bu sorğudan sonra təhlil edib, bunun əsasında fəaliyyət proqramı hazırlayaram. Boşanma xəstəlik olduğu üçün buna ciddi yanaşmaq lazımdır”.

Əhməd Qəşəmoğlu

Ə.Qəşəmoğlu deyib ki, boşanan ailələr ölkədə mədəniyyət və mənəviyyat sisteminin dağılmasına təsir edir, zərbə vurur:

“Əgər düşmən bizə top-tüfənglə qalib gələ bilmirsə, demək, mədəniyyət, mənəviyyat sistemimizi dağıdaraq qalib gəlməyə çalışırlar. Necə ki, SSRİ dağıldı, elə də ailə institutumuz, mədəniyyətimiz, dəyərlərimiz dağıdılır. Mən həyəcan təbili çalıram, aidiyyəti qurumun vecinə deyil. Hamı da elə bilir ki, bunu Ailə Qadın və Uşaq Komitəsi həll etməlidir. Yanlış düşüncədir, komitə sadəcə icraçıdır. Ölkədə humanitar və sosial siyasət təcili dəyişməlidir, dediyim araşdırmalar aparılmalıdır. Mən bunu deyəndə elə bilirlər, özümü reklam etməyə çalışıram. Qəti belə deyil! Bir mütəxəssis olaraq ölkənin ağır vəziyyətində kömək etmək istəyirəm. İdarələrə yazıram, amma əhəmiyyət vermirlər. Boşanmalar bizim gələcəyimizə zərbə vurur. Ölkədə demoqrafik vəziyyət elə dəyişir ki, birazdan böyük quruculuq işləri aparanda, zavod-fabriklərdə, başqa iş yerlərində işçi olmayanda xarici ölkələrdən başqa millətlərə, etnik qruplara məxsus adamlar dolacaq ölkəmizə. Ölkənin etnik tərkibi dəyişəcək. Eynən Fransada dəyişdiyi kimi. İnanın, təmənnasız olaraq yardım etməyə hazıram!”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Zaira Akifqızı
Globalinfo.az