Danışıqlarda gizli məqamlar: Moskva buna hazırlaşır!

Mayın 8-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub. Kremldə baş tutan görüşünün mediaya açıq hissəsində əsasən “iqtisadi mövzular” gündəmə gətirilib.

Diqqət çəkən məqam isə V.Putinin vərəqə yazdığı statistikanı Ermənistan baş nazirinin üzünə oxumasıdır. Belə ki, Ermənistanla Rusiyanın ticarət dövriyyəsi 2023-cü ildə 7 milyard dolları keçdiyini deyən V.Putin 2015-ci ildən Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə ticarət dövriyyəsinin 14 dəfə artdığını da xüsusi vurğulayıb. O, bu göstəriciləri rekord adlandırıb.

V.Putin həmçinin deyib ki, belə ticarət dövriyyəsi Ermənistanla heç vaxt olmayıb.

Putin-Paşinyan görüşünün nəticəsi necə olacaq? Rəsmi İrəvan ilə Moskva arasında buzlar əriyəcək? Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının getdiyi bir vaxtda, habelə Qazaxıstanda baş tutacaq XİN başçılarının görüşü öncəsi nə kimi təsir edəcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasiminə qatılmayacağı gözlənilirdi:

“Məsələ ondadır ki, erməni baş nazir inaqurasiya mərasiminə qatılıb, Ukrayna ərazilərini işğal edən Putini alqışlasa idi, bunu heç cür Qərbdəki tərəfdaşlarına izah edə bilməzdi.

Paşinyan Avrasiya İqtisadi İttifaqının iclası üçün Moskvaya getdi. Yəni əslində o səfərini bu cür pərdələmiş oldu. Paşinyan bu səfərini Qərbdəki tərəfdaşlarına izah edə bilər. Belə ki, Ermənistanın iqtisadi mənbələri Rusiya və Aİİ ölkələridir. İrəvan alternativ tapmadığı müddətdə bu bazarı itirə bilməz”.

Ekspert deyib ki, Paşinyanın Moskvaya səfəri “məcburi” xarakter daşıyırdı:

Putin and Pashinyan Meet in Moscow • MassisPost

8 may 2024-cü il. Vladimir Putin və Nikol Paşinyan Moskvada görüşür

“Yəni o öz istəyi ilə Moskvaya səfər etmədi. Lakin görüşün Rusiya üçün önəmi daha fərqlidir. Belə ki, Putin-Paşinyan görüşünü Rusiya-Ermənistan münasibətlərində həlledici an adlandırmaq olar.

Məsələ ondadır ki, Paşinyan hakimiyyətdə qaldığı müddətdə Moskva-İrəvan münasibətləri “qızıl dövrünə” qayıtmayacaq. Bunu Rusiya çox yaxşı başa düşür. Lakin körpülərin tamamilə yandırılmasını da istəmir. Çünki Ukrayna müharibəsinin nəticəsi hələ bəlli deyil.

Hesab edirəm görüşün nəticəsindən asılı olmayaraq Paşinyan antirusiya siyasətindən əl çəkməyəcək. Lakin o, mövcud vəziyyətdə Putini inandırmağa və Qərbdən tam dəstək alana qədər zaman qazanmağa çalışır”.

A.Nərimanlı Putin-Paşinyan görüşünün Bakı ilə İrəvan arasında davam edən sülh prosesinə təsirindən danışıb:

“Azərbaycan və Ermənistan arasında sülh sazişi noyabr ayına – COP29 tədbirinə qədər imzalana bilər. Bu fikri həm Paşinyan, həm də Azərbaycan Prezidenti İlham Əliyev səsləndirib. Bundan başqa, Böyük Britaniyanın Baş naziri Rişi Sunak da bu təklifi dəstəklədiyini bildirib. Lakin tərəflər arasında fikir ayrılıqlarını nəzərə alanda bu, çətin görünür.

Məsələ ondadır ki, kommunikasiyanın hansı prinsiplə açılması “həlledilməz” məsələ olaraq qalır. Rəsmi Bakı Naxçıvana maneəsiz çıxış üçün ən azı “Azərbaycandan Azərbaycana prinsipi”nin qəbul edilməsini istəyir. İrəvan isə bundan da imtina edir.

Digər bir məqam isə Qazax-Tavuş sərhədində demarkasiya ilə bağlı razılaşma olsa da, sərhədin digər hissəsinin müəyyənləşməsində yanaşma fərqliliyidir. Bakı haqlı olaraq, İrəvanın Almatı bəyannaməsinin əsas götürülməsi istəyini qəbul etmir.

Hesab edirəm ən önəmli məsələ isə Ermənistanın ərazi iddialarının əks olunduğu mövcud konstitusiyadır. Bu sülh sazişinin önündə başlıca əngəllərdən biridir. Əliyev konstitusiya dəyişikliyinin sülh sazişi üçün cari tələb olduğunu bəyan edib.

Bu kontekstdə noyabra qədər tərəflərin fikir ayrılığını həll etməsi çətin görünür. Həmçinin, Ermənistanın daxili siyasi vəziyyəti hakimiyyətin konstitusiyanı dəyişdirmək istəklərinin önünü kəsə bilər. Görünür, Putin özü də bunu bilir və görüşdə sülh prosesi ilə bağlı məsələ müzakirə olunmayıb. Yəni mövcud problemlər olduğu üçün Putin-Paşinyan görüşünün nəticəsi sülh prosesinə təsir etməyəcək”.

Turan Rzayev
Globalinfo.az