Amerikalı polkovnik: “Ukrayna heç vaxt müharibədə qalib gəlməyəcək”

“ABŞ-ın Ukraynaya yardımı münaqişənin yekun nəticəsini dəyişməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın istefada olan polkovniki, analitik Daniel Davis deyib.

O bildirib ki, Ukrayna münaqişəni mövcud şərtlərlə dayandırmaq və sülh danışıqlarına nail olmaq üçün daha sürətlə hərəkət etməlidir. Əks halda Kiyev tam məğlubiyyətlə üzləşəcək və Amerikanın hərbi yardımı bunu dəyişməyəcək.

“Ukrayna heç vaxt müharibədə qalib gəlməyəcək və itirdiyi bütün əraziləri geri almayacaq. Kiyev mümkün olan ən yaxşı şərtlərlə danışıqlar yolu ilə nizamlanmaya çalışmasa, nəticədə tam məğlubiyyətlə üzləşəcək. Təbii ki, Kiyevə edilən 61 milyard dollarlıq yardım paketi Ukrayna Silahlı Qüvvələrinin döyüşləri davam etdirməsinə imkan verəcək. Lakin çox güman ki, bu, yekun nəticəni dəyişməyəcək. Reallıq odur ki, bu müharibənin qarşısını Birləşmiş Ştatların diplomatiyası ilə almaq olardı. Biz təkid edə bilərdik ki, Ukrayna Minsk razılaşmasının şərtlərini yerinə yetirmək üçün mümkün olan hər şeyi etsin”, – Devis bildirib.

Onun sözlərinə görə, indi Volodimir Zelenski ABŞ-dan daha çox maliyyə tələb edəcək. Çünki əvvəllər təsdiqlənmiş yardım gələn il ərzində xərclənəcək.

“Əgər Qərb və Kiyev reallığa məhəl qoymasa, Ukraynaya sonda təslim olmaq şərtləri təklif olunacaq”, – Devis vurğulayıb.

Rusiya isə hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ və NATO münaqişəyə bilavasitə qoşulub. Bütün bunlar isə danışıqlara kömək etmir və əksinə mənfi təsir göstərir.

Müşviq Tofiqoğlu
Globalinfo.az