Bakının missiyası: dünya dövlətləri və qonşularla yüksək əlaqə

Azərbaycan dünyanın sayılıb-seçilən, etibar edilən, əməkdaşlıqda güvənilən ölkələrindəndir. Dövlətimizin bugünkü imici yaratdığı təəssürat, aparılan uğurlu siyasət, habelə düzgün əməkdaşlıq strategiyası ilə bağlıdır.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığı xüsusilə diqqət çəkir. Ölkəmizin bu istiqamətdə atdığı addımlar bu gün müsbət nəticəsini verir.

Maraqlıdır, hazırkı mərhələdə ölkəmizin qarşısında duran hədəflər nələrdir? Dövlətin beynəlxalq imicinin yüksəldilməsi, habelə mövcud yanaşmaların qalıcı olması üçün hansı işlər görülür?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Azərbaycan Respublikasının xarici siyasət konsepsiyasında heç bir hərbi-siyasi bloklaşmada iştirak etməmək, amma eyni zamanda sülh və tərəfdaşlıq naminə qlobal institutlar və onların ixtisaslaşmış qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri hesab olunur:

Aytən Qurbanova

“Həmçinin bütün dövlətlərlə, xüsusilə də qonşularımızla əlaqələrin inkişaf etdirilməsi və münaqişəli vəziyyətlərə rəvac verəcək addımların dəstəklənməməsi, Azərbaycan xarici siyasi kursunda önəmli, prinsipial mövqe kimi ifadə olunur. Təbii ki, mövqe qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq və ərazi bütövlüyü kimi başlıca beynəlxalq hüquqi normalarla əsaslandırılır. Amma təəssüf ki, bizim üçün həssas məqamlarda qlobal institutlar çərçivəsində bəzi tərəfdaşlarımızdan eyni xoş niyyət addımını və ədalətli yanaşmanı müşahidə edə bilmədik. BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan Fransanın təşəbbüsü ilə bir neçə dəfə Azərbaycan əleyhinə ədalətsiz müzakirələrin keçirilməsi addımı bu təşkilatın otuz ilə yaxın işğal dövründə qəbul edilmiş dörd qətnaməsinin niyə yerinə yetirilmədiyini bir daha aydın şəkildə sübut etmiş oldu.

Təbii ki, bu həm Fransa kimi qərəzli mövqe nümayiş etdirən dövlətlərlə ikitərəfli münasibətlərimizə mənfi təsir edərək etimadın itirilməsinə gətirib çıxaran amil olaraq dəyərləndirilir, həm də bu dövlətlərə əsassız anti-Azərbaycan çıxışlarını səsləndirmək üçün platforma yaradan təşkilatların üzv dövlətlərə münasibətdə “bərabərlik və ədalətli yanaşma” öhdəliyini necə ikili standartlar əsasında tətbiq etdiyinin bariz nümunəsidir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda düşünürəm ki, danışıqlar prosesi çərçivəsində belə dövlətlər və qlobal institutlar artıq bizim üçün tərəfsizliyini itirmiş, qərəzli mövqedən çıxış edən aktorlar qismində dəyərləndirilir. Ona görə də növbəti mərhələdə münasibətlərin hansı istiqamətdə inkişaf etməsi artıq bizdən daha çox qarşı tərəf(lər)in mövqeyindən asılıdır. Əgər onlar Azərbaycanın yaratdığı yeni post-müharibə dövrünün reallıqlarını qəbul edərək ərazi bütövlüyümüzü və suverenliyimizi hədəf alan çıxışlardan çəkinsələr, təbii ki, Azərbaycan Respublikasının xarici siyasət konsepsiyasında bütün dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsi və eləcə də qlobal institutlar çərçivəsində ümumi birgəyaşayış qaydalarına hörmət prinsipinin qorunaraq əlaqələrin gücləndirilməsi hər zaman prioritet olaraq qəbul edilir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi”

Turan Rzayev
Globalinfo.az