Hazırlıq başladı: Putin və Zelenski Bakıda görüşəcək? – Kritik müzakirə

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Moskvada Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu Tərəflər Konfransına hazırlığı müzakirə edib. Rusiya ilə yanaşı Ukraynanın da tədbirdə iştirakı gözlənilir. Məlum olduğu kimi, dünyanın supergücləri tərəfləri uzun müddətdir bir araya gətirməyə çalışırlar.

Maraqlıdır, iki ildir müharibə aparan Rusiya və Ukrayna rəsmilərinin Bakıda görüşü keçirilə bilərmi?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov xatırladıb ki, COP29 tədbirində iştirak edəcək ölkələr arasında Rusiya və Ukrayna da var:

“İki tərəfin qeyri-rəsmi görüşlərinin keçirilməsinə COP29-un töhfəsi ola bilər. Rusiya və Ukrayna arasında rəsmi danışıqlar baş tutmur. Nə Moskva, nə də Kiyev müəyyən şərtlər olmadan danışıqlar aparmaq istəyir. Siyasətdə “arxa plan diplomatiyası” var. Bu da müxtəlif tədbirlər, konfranslar çərçivəsində baş tutan görüşləri özündə ehtiva edir. Ona görə də COP29 tərəflərə problemlərin həlli istiqamətində müsbət yön verə bilər”.

(Muxtar Babayev Aleksey Overçukla COP29-a hazırlığı müzakirə edib)

Politoloqun sözlərinə görə, görüş üçün iki ölkə arasında noyabra qədər müəyyən yumşalmaların olması zəruridir:

“Əks təqdirdə danışıqlar baş tutsa belə, uğurlu nəticə əldə etmək mümkün deyil. Hazırda müharibədə irəliləyiş əldə edilməyib. Ukraynanın 20 faiz ərazisi işğal altındadır. Kiyevin mövqeyi də qətidir. Rusiya qoşunlarının Ukraynadan çıxarılması və işğala son qoyulması əsas tələbdir. Rəsmi Moskvanın isə bununla razılaşması gözlənilmir”.

Safura Bənnayeva
Globalinfo.az