Bakı mühasirədə: “barrikadalar” qurulub – yerin üstü qadağandır, altı basabas

Bunların fikri xalqı sıxıb, bezdirib, öz ölkəsindən, dövlətindən küsdürməkdir. Əməllərinə başqa izah tapmaq mümkün deyil. Vətəndaşı bu qədər incitmək, əzməyə çalışmaq hardan qaynaqlanır? Əksi olmalıdır: xalqın güzəranının düzəldilməsi, həyatının asanlaşması üçün yeni yollar axtarılmalıdır. Çünki xalq dövlət üçün deyil, dövlət xalqa xidmət üçündür. Yaxud konstitusiyanın maddəsində deyildiyi kimi, “hakimiyyətin mənbəyi xalqıdır”.

Yeni yaradılan qurumların ilk işi cəmiyyətin rahatlığını pozmaqdır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) kimi. Bu təşkilat işə başlayan kimi Bakının küçələrində “barrikadalar” qurub, insanların rahatlığını pozmağa başladı. Onsuz da dolanışığı, güzəranı üzrəkaçan olmayan xalqı bir yandan da bunlar sıxmağa başlayıb. Bütün küçə və dalanlarda pullu dayanacaq təşkil ediblər.

Deyirlər, məqsəd insanları ictimai nəqliyyata yönləndirməkdir. İctimai nəqliyyat oldu, ondan istifadə etmədik? Hanı bu paytaxtın tramvay təsərrüfatı? 2001-2022-ci illərdə məhv edildi. Tramvayı olmayan paytaxtda vətəndaşı ictimai nəqliyyatdan istifadəyə təşviq etmək gülüncdür. Avtobus elə bir nəqliyyat növüdür ki, tıxaca düşür. Tramvayın tıxaca düşməsi mümkün deyil. Üstəlik marşrut avtobusları heç də ideal təşkil edilməyib. Bu subyektiv fikir deyil, paytaxt sakinlərinin ictimai nəqliyyatdan istifadə edən hissəsi bu əziyyətlə hər gün rastlaşır. Əsas narazılıq avtobuslararası intervalın çox olmasındandır.

Bakıda avtobus marşrutlarında GEDİŞ HAQQI CƏDVƏLİ açıqlandı - RƏSMİ

Bakıda ən yaxşı nəqliyyat vasitəsi metro sayılır. Ondan da istifadə mümkünsüz hala gəlib. Pik saatlarda sərnişinlər metro vaqonlarına minmək üçün bir-birinin belinə minməli olur. Hər gün bu rəzaləti əks etdirən foto və videoları ənənəvi mediadan və sosial şəbəkələrdən izləmək mümkündür. Təsəvvür edin, Bakı hər il böyüyür, di gəl, metro stansiyalarının sayında artım demək olar yoxdur. Paytaxtın metro stansiyalarının sayı 27-dir. Bu isə sərnişin tələbatını qarşılamır. Üstəlik qatarların intervalında gecikmələr olur.

Bu ilin may ayının sonlarında hökumət taksi fəaliyyətində yeniliklər etməklə bağlı mövqeyini açıqladı. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev geniş müsahibə verərək bu sahə ilə bağlı planları ictimailəşdirdi. Ölkənin, əsasən də paytaxtın taksi təsərrüfatı ilə bağlı yeniliklərin tətbiqinin vacibliyini vurğulayan nazir çatışmazlıqları sadaladı.

Rəşad Nəbiyev

Hörmətli Rəşad Nəbiyevlə razılaşmamaq mümkün deyil. Haqlıdır. Təklifləri də mütləq reallaşdırılmalıdır. Amma bunun üçün öncə baza hazırlanmalıdır. Taksi xidməti göstərən şirkətlərin sayının çoxalma səbəbləri bir yana, taksiçilik edən vətəndaşların sayının artma səbəbləri də öyrənilməlidir. Ən əsas, sərnişinlərin ictimai nəqliyyatdan yox, taksidən istifadə ehtiyacı da xüsusi araşdırılmalıdır. Bunlar öyrənilmədən, problemlər həll edilmədən bu sahədə də ciddi islahatlar mümkün olmayacaq.

Əgər vətəndaş avtobusu, metronu yox, taksi xidmətini seçirsə, demək, ictimai nəqliyyatda işlər qaydasında getmir. Necə ola bilər, Bakıdan rayonlara gedən sürət qatarlarından istifadəyə üstünlük verən azərbaycanlılar, avtobusdan və metrodan istifadəyə soyuq yanaşsın? Demək, şərtlər vətəndaşa uyğunlaşdırılmalı, onun rahatlığına hesablanmalıdır. Yoxsa, ictimai nəqliyyat heç kim üçün cazibədar olmayacaq.

AYNA hazırda ən çox tənqid edilən qurumdur. Çünki fəaliyyəti düzgün qurulmayıb. İşə başlayan kimi vətəndaşı incitdi, onun maraqlarını nəzərə almadı, rahatlığını pozdu. Ortaya peşəkar yanaşma qoymadı. Ən əsas, paytaxtın infrastrukturunu nəzərə almadan sərt qərarlar qəbul etdi. Hər küçəyə qadağanedici işarələr basdırıb, pullu dayanacaqlar təşkil etməklə işini bitmiş saydı. Budur, xaos başlayıb, çaxnaşma yaşanır. Onsuz da gərgin olan şəhərdə gərginlik daha da çoxalıb. Səbəbi qoyub, nəticə ilə məşğul olmaq çıxış yolu sayıla bilməz.

Vətəndaşın məmnun qalmadığı, xeyir-dua vermədiyi heç bir layihə uğur qazana bilməz. AYNA ictimaiyyətin güzgüsündə özünə baxıb, əskikləri təcili düzəltməlidir.

Tahir Turan
Globalinfo.az