Makron Rusiyaya görə sevimli şirniyyatından imtina etdi

Çin Prezidenti Si Szinpinin Fransaya səfəri zamanı “Rus tortu” şirniyyatı Prezident Emmanuel Makronla birlikdə getdiyi restoranın menyusundan çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Çin prezidentinin səfərindən öncə tərtib edilmiş menyuda Fransa prezidentlərinin sevimli şirniyyatı “Rus tortu” da olub. Lakin son anda tort menyudan çıxarılıb, əvəzinə qaragiləli piroq siyahıya əlavə edilib.

Üzərinə bəyaz şəkər tozu səpilən şirniyyatın Rusiyanın qarlı dağlarını xatırlatdığı üçün “Rus tortu” adlandırıldığı bildirilir.

Məlumata görə, bu şirniyyata ilk dəfə Fransanın keçmiş prezidenti Fransua Miteran üstünlük verib. Daha sonra digər prezidentlər Jak Şirak, Nikola Sarkozi və Emmanuel Makron da bu şirniyyatı bəyəniblər. Hətta “Rus tortu”nun Makronun həyat yoldaşının da sevimli şirniyyatlarından olduğu qeyd edilir.

Ayşən Mustafa
Globalinfo.az