Prezidentin 2024 qərarı: səbəb nədir? – AÇIQLAMA

“Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi mühüm önəm kəsb edir. Ümumiyyətlə, yaşıl enerji bərpa olunan enerjidir. Onun tarixi qədim svilizasiyalara qədər gedir. Günəş, su və küləyin gücündən antik dövrdə belə istifadə olunub. Qədim yunanlar və romalılar da əkin sahələrini suvaran zaman küləklə işləyən su nasoslarından istifadə ediblər”.

Bu sözləri Globalinfo.az-a iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, yaşıl enerji alternativ enerji ilə paralel işlənən məfhumdur:

“Burada yaşıl təbiəti ifadə edir. Ekologiyaya zərər vurmayan fəaliyyət yaşıl fəaliyyətdir. Bunun da bir neçə növü var: bioenerji, dalğa enerjisi, hidroenerji, külək enerjisi və s. Bu enerji növlərinin çoxluq təşkil etdiyi dünya yaşıl dünyadır. Prezidentin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi təqdirəlayiqdir. Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşmasına ehtiyac var, xüsusilə də paytaxt üçün lazımdır. Çünki Bakının ümumi inzibati ərazisi 312.5 min hektardır. Onun isə cəmi 11.5 min hektarı yaşıllıqdır”.

Eldəniz Əmirov

Ekspert vurğulayıb ki, dünya bu məsələdə geri qalır:

“Yaxın 50 il ərzində yaşıl enerji sahəsində dünya səviyyəsində verilən proqnozların özünü doğruldacağını düşünmürəm. 1997-ci ildə Kyoto protokolu imzalanıb. Onun üzərindən 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, gözləntilər özünü doğrultmadı. Proses yavaş gedir. Yaşıl dünya üçün çox vaxta ehtiyac var. Çünki aparıcı ölkələr bunda maraqlı deyil”.

“Sağlam həyata doğru” İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasov isə vurğulayıb ki, 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda keçiriləcək. Bu görüşün qlobal əhəmiyyəti var:

Rövşən Abbasov

“200-ə yaxın ölkədən 80 min insanın iştirakı gözlənilir. Belə bir görüş ilk dəfə 1995-ci ildə Yaponiyada baş tutub, bundan sonra isə hər il keçirilib. Görüşün əsas məqsədi atmosferə buraxılan istixana qazlarının miqdarının azaldılmasından ibarətdir. Son 150 ildə atmosferdə istixana qazlarının artması nəticəsində planet getdikcə istiləşir. Bu da zəncirvari reaksiyalarla çoxsaylı fəsadlara gətirib çıxarır.

Prezident İlham Əliyevin “2024 – Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi mühüm addımdır. Azərbaycan 2030-cu ilə qədər Paris razılaşmalarına əməl etməyi planlaşdırır. 2015-ci ildə bu razılaşmaya qoşulan rəsmi Bakı könülü öhdəlik götürüb ki, öz ərazisində atmosferə atılan istixana qazlarının miqdarını 35%-ə qədər azaltsın. Bu qərarla proses getdikcə sürətlənəcək”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “Ekologiya və ətraf mühitin mühafizəsi”

Safura Bənnayeva
Globalinfo.az