Bakı proqnozlaşdırmamışdı, lakin haqlı çıxdı – Politoloq

“Azərbaycanın enerji marşrutları ilə yanaşı enerji mənbələrinin də diversifikasiyası istiqamətində irəli sürdüyü təşəbbüslərin və həyata keçirdiyi layihələrin əhəmiyyəti bu gün özünü daha qabarıq şəkildə nümayiş etdirməkdədir”.

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı bir cümlə ilə ölkəmizin vaxtilə irəli sürdüyü təşəbbüslərin və Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələrin mahiyyətinə aydınlıq gətirdi:

“Cənab Prezident qeyd etdi ki, “bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir”.

Ölkəmiz illər öncə bu gün dünyanın müxtəlif bölgələrində, o cümlədən Şərqi və Mərkəzi Asiyada indiki forma və zəmində baş verə biləcək hadisələri proqnozlaşdırmamışdı, amma enerji təhlükəsizliyinin təmin edilməsi üçün alternativlərin yaradılmasının zəruriliyi Azərbaycanda çox yaxşı dərk olunurdu. Çünki 1994-cü ildə “Əsrin müqaviləsi” ilə başladılan enerji strategiyasının əsas qayəsi Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılması prosesinin davamlılığının təmin edilməsi üçün real və işlək alternativlərin yaradılması, müstəqil, kənar faktorlardan asılı olmayan, yaxud kənar faktorların balanslaşdırıldığı enerji siyasətinin yürüdülməsi idi. Təhlükə ən müxtəlif istiqamətlərdən gələ bilərdi və bu baxımdan, Azərbaycan bu qəbildən olan çağırışlara adekvat və çevik cavab verməyin yolunu real alternativlərin yaradılmasında görürdü. Geridə qalan zaman kəsiyi də ölkəmizin bu məsələdə nə qədər haqlı olduğunu sübuta yetirdi.

Cənab Prezident öz nitqində təkcə ölkəmiz üçün deyil, bütün enerji istehsalçıları və dünya üçün əhəmiyyət kəsb edən bir məqama da diqqət çəkdi. Dövlətimizin başçısı bildirdi ki, yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın yaşıl enerjiyə keçidin aktiv mərhələsində olduğunu xatırlatdı”.

Politoloq deyib ki, Azərbaycan Prezidenti tamamilə haqlı olaraq qazıntı yanacağına və yaşıl enerjiyə hazırda enerji təhlükəsizliyi üçün vazkeçilməz olan alternativlər kimi yanaşır və bu məsələdə risklərin gözə alınmasını zəruriliyini diqqətə çatdırır:

“Ənənəvi enerji resurslarından imtina etmək, faktiki olaraq hələ real gücə və potensiala malik olmayan bir mənbənin ümidinə qalmaq anlamına gəlir. Amma qazıntı yanacağından istifadə etməklə əldə olunan gəlirləri yaşıl enerji sektorunun inkişafına, eləcə də ətraf mühitin qorunmasına yatırmaq olar və qənaətimə görə, bu, daha sistemli və böhranlı vəziyyətlərin idarə olunmasına zəmin yarada biləcək bir baxış bucağıdır”.

Turan Rzayev
Globalinfo.az