ABŞ Putinin başını qatıb, Azərbaycanla bağlı bu planı reallaşdırmaq istəyir – Gündəmi silkələyəcək müsahibə

Globalinfo.az “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müsahibəni təqdim edir:

– Mayın 1-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Daha sonra Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib. Sizcə, ABŞ-ın moderatorluğunda keçirilən bu görüş fonunda yekun sülh müqaviləsinin imzalanması mümkündür?

– Mən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ moderatorluğunda bir araya gəlməsini müsbət hadisə hesab edirəm. Prinsip etibarilə bu, rəsmi Vaşinqtonun 22 ildən sonra ikinci cəhdidir.

Bildiyiniz kimi ilk cəhd 2001-ci il 3 aprel tarixində ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində baş tutmuşdu. ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryanın birgə görüşü olmuşdu. Tərəflər arasında danışıqlar 4 gün çəksə də təəssüf ki, nəticə əldə edilə bilmədi.

Həmin görüşdə nəticənin əldə edilməməsinin əsas səbəbi Ermənistan Prezidenti Robert Köçəryan sərgilədiyi qalib ədalı mövqeyi idi. Köçəryan faktiki olaraq heç bir konstuktiv addım atmaq istəmirdi. Lakin bu gün vəziyyət əsaslı surətdə dəyişib.

Artıq 22 il öncəki reallıqlar yoxdur. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində qələbə qazandı və beləcə üstünlüyü bütün sferada öz əlinə almağı bacardı. Bu gün rəsmi Bakı diktə edən tərəfdir və hərbi sferada əldə etdiyi qələbəni diplomatik sferada da təkrarlamaq istəyir.

– Sizcə, ABŞ-ın moderatorluğu indiki məqamda nə dərəcədə uğurludur?

– Hazırda ABŞ üçün vacib olan məqam Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanmasıdır. Hazırkı proseslər də onu göstərir ki, Vaşinqton bu prosesə start verib. Bu prosesdə biz də maraqlıyıq. Hesab edirəm Ermənistan da maraqlı olmalıdır. Onsuz da Laçında qurduğumuz nəzarət-buraxılış məntəqəsindən sonra rəsmi İrəvanın ərazi bütövlüyümüzü tanımaqdan başqa alternativi qalmayıb.

Vaşinqtonun səylərini həm də Rusiya faktoru baxımından müsbət hesab edirəm. Təəssüf ki, şimal qonşumuz hələ də Cənubi Qafqazı özünün arxa bağçası hesab edir. Lakin İkinci Qarabağ müharibəsindən sonra vəziyyət Rusiya üçün də əsaslı surətdə dəyişib. Kreml artıq regionda tək oyunçu deyil. Başqa güclərin də Cənubi Qafqazda marağı artıb. Türkiyə, Aİ, ABŞ hazırda regionda marağı olan başlıca güclərdir.

Hesab edirəm ABŞ moderatorluğunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə irəliləyiş olacaq. Rəsmi Vaşinqton, hətta bu görüş sonrasında iki ölkə liderlərinin də görüşünü təşkil etməyə çalışacaq.

– Elxan bəy, maraqlıdır ki, Rusiya hazırkı prosesə sanki mane olmur. Ukrayna müharibəsi fonunda ABŞ ilə konfliktə girən Rusiya Cənubi Qafqaz uğrunda bunu etmir…

– Hesab etmirəm ki, Rusiya proseslərlə səssiz qalır. Dünən Rusiya Prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Azərbaycana və Ermənistana xəbərdarlıq mesajı göndərdi. Peskov “Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur. Problemlərin həlli və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür” açıqlaması diqqət çəkir.

Putin bu mesajı ilə demək istəyir ki, Bakı və İrəvan Vaşinqtonun və ya Brüsselin vasitəçiliyi ilə sülh sazişi imzalamamalıdır. Göründüyü kimi, Kreml açıq-aşkar ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda xarici işlər nazirlərinin üçtərəfli görüşündən və müzakirələrindən narahatdır. Ancaq Kreml məsələləri qarışdırır.

– Nə mənada?

– Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında imzaladıqları üçtərəfli bəyanat Qarabağla bağlı məsələləri tənzimləyir. Vaşinqtonun hazırkı vasitəçiliyinin isə Qarabağa dəxli yoxdur, əsas məqsəd Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır.

– Aprelin 30-da ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Xarici işlər nazirlərinin görüşü ilə paralel Blinken ölkə başçısına telefon zəngi etməsinin səbəbi nədir?

– Yenə də qeyd etmək istəyirəm ki, rəsmi Vaşinqton 22 il öncə olduğu kimi yenidən Azərbaycan və Ermənistan dövlət başçılarını bir araya gətirmək istəyir. Onu da qeyd edim ki, ABŞ bu görüşü heç də görüş xətrinə etmək istəmir. Mütləq şəkildə nəticə əldə etmək istəyir. Biz də bunda maraqlıyıq.

27 ildir onsuz da mənasız danışıqlardan bezmişik. Bizim üçün də real nəticənin əldə edilməsi gərəkdir. Diqqət etsəniz Vaşinqtonun vasitəçiliyi Brüsselin və Kremlin vasitəçiliyindən fərqlənir. Fərq ondan ibarətdir ki, ABŞ hər hansı bir məsələni tənzimləmək istəyirsə ilk növbədə onun fundamental həllinə nail olmaq istəyir. Görüşlər bir, üç, hətta dörd gün belə çəkə bilir.

O ki qaldı Entoni Blinkenin zənginə, deyə bilərəm ki, o, Cənubi Qafqaza çox diqqət yetirir. Aprel ayında nümayəndələrini hər iki ölkəyə göndərdi, telefon danışıqları etdi. ABŞ anlayır ki, Ukrayna müharibəsinə görə Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləyir. Bu vəziyyətdən istifadə edib yekun sülhə nail olmaq istəyirlər. Hesab edirəm, hazırda çox münasib vəziyyət yaranıb. Bundan istifadə etməliyik. Ermənistan özü də bu yolla Rusiyanın təsirindən çıxa bilər.

– Bəzi ekspertlər qeyd edir ki, ABŞ-ın moderatorluğu gələcəkdə bizim üçün mənfi nəticələri də ola bilər. Misal üçün, rəsmi Vaşinqton Azərbaycandan Qarabağdakı ermənilərə status verilməsini tələb edə bilər. Bu iddia sizcə, həqiqəti əks etdirir?

– Mən bu yanaşma ilə razı deyiləm. Nəzərə almaq lazımdır ki, İkinci Qarabağ müharibəsi zamanı başda Antoni Blinken olmaqla heç bir ABŞ-diplomatı status ilə bağlı fikir səsləndirməyib.

– Ancaq nəzərə almaq lazımdır ki, 44 günlük müharibə zamanı ABŞ-da prezident seçkiləri keçirilirdi…

– Düzdür, ancaq hazırda prezident seçkiləri yoxdur. Bilirsiniz, ABŞ diplomatları da başa düşür ki, status məsələsi müzakirə mövzusu deyil. Status məsələsini gündəmə gətirən Rusiyadır. Kreml açıq şəkildə deyir ki, bu məsələ gələcəkdə müzakirə edilsin. Azərbaycanın mövqeyi isə birmənalıdır. Heç bir status olmaycaq.

Bir məqamı da qeyd edim ki, sülh sazişi imzalanandan sonra status məsələsi yaddan çıxacaq. Düzdür, ABŞ Konqresində ermənipərəst deputatlar var, lakin onlar çətin ki, mövcud vəziyyətə təsir etsin.

ABŞ Prezidenti Co Bayden özü də ermənipərəst konqresmen olub. Lakin o indi konqresmen deyil, prezidentdir və prezident olan şəxs ABŞ maraqlarından kənara çıxa bilməz. Bu gün isə ABŞ maraqları Azərbaycan ilə strateji tərəfdaşlığı diktə edir. Digər tərəfdən İran faktorunu da unutmamaq lazımdır.

Turan Rzayev
Globalinfo.az