Marsın səthini hörümçəyi xatırladan ləkələr örtüb

Avropa Kosmik Agentliyinin astronomları “Mars Express” orbital aparatının kamerasının köməyi ilə Marsın səthində qeyri-adi naxışların olduğu şəkillər əldə ediblər. Onlar üstdən planetin landşaftına səpələnmiş çoxlu sayda qara hörümçəyi xatırladır.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyinin rəsmi saytında bildirilir.

“Mars Express”dən alınan yeni təsvirlər Marsın Yer kürəsinin qədim xarabalıqlarını xatırladan qeyri-adi təbiət törəməsi – “inklər şəhəri” yaxınlığında “hörümçək” toplusunu özündə əks etdirir.

Alimlər dəqiqləşdiriblər ki, müşahidə olunan hadisənin orqanik həyata aidiyyəti olmasa da, Marsda yazın başlanması ilə bağlıdır.

Qışda Qırmızı planetdə temperatur mənfi 123 dərəcə Selsidən aşağı düşür, səthi çöküntülərdə karbon qazını dondurur. Yaz gələndə karbon qazından ibarət olan “quru buz” maye fazadan yan keçərək qaz halına qayıdır.

Bu hal çökəkliklərdə baş verəndə təzyiq kiçik partlayış anınadək yüksəlir. Buzda çatlar əmələ gəlir, tünd rəngli və toz ilə zəngin olan material üzə çıxaraq qazla birlikdə ətrafa səpələnir, nəticədə tünd ləkələr yaranır.