Avropa Parlamentinin qətnaməsində nəzərdən qaçan məqam – Niyə indi?

Avropa Parlamenti Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə, Avropa İttifaqını insan hüquqlarını pozanlara qarşı sanksiyalara çağıran qətnamə qəbul edib. Diqqətçəkən məqam isə ümumiyyətlə Qərbdəki bəzi təşkilatlar və siyasətçilər Azərbaycanda 300-dən çox siyasi məhbusun olduğunu iddia edirlər.

Azərbaycan Milli Məclisi qətnaməni “obyektivlikdən uzaq” və “Azərbaycana qarşı qərəzli siyasi aksiya kimi” qiymətləndirib. Qəbul edilən qətnamə fonunda diqqətçəkən məqam isə, bu ilin may ayında Prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanmasının gözlənilməsidir.

Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev açıqlamalarının birində deyib ki, əfv sərəncamı 28 May Müstəqillik Gününədək və ya ondan sonra verilə bilər.

Maraqlıdır, hər il 2-3 dəfə Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının verilməsinə baxmayaraq, Qərb niyə Azərbaycana qarşı qətnamə qəbul edir?

Bakının bu qətnaməyə cavabı necə olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycan uzun müddətdir ki, Avropanın müxtəlif təşkilatları, o cümlədən Avropa Parlamenti ilə əməkdaşlıq edir:

Hikmət Babaoğlu

“Biz bu əməkdaşlıq prosesi çərçivəsində qurumun nə vaxt hansı qərarlar verəcəyini çox yaxşı bilirik. Belə bir qətnamənin də qəbul ediləcəyi bəlli idi. Çünki Avropa Parlamentinin aldığı qərarlar hansısa hüquqi məsələlərlə, ya da azadlıqlarla əlaqəli deyil. Bu, tamamilə siyasi bir qərardır.

Ümumiyyətlə başa düşmək lazımdır ki, qurum nə vaxt ölkəmizə qarşı qətnamə qəbul edirsə, bunun ardında hansısa bir ölkənin siyasi marağı dayanır.

Bu mənada mən bu qətnaməni qeyri-ciddi hesab edirəm. Bu tipli qətnamələrin heç bir əsası yoxdur. Anqlo-sakson, Roman-german hüquq sistemində siyasi məhbus termini yoxdur. Bunun izahını onlar özləri də verə bilmir”.

Politoloq Qabil Hüseynli Globalinfo-ya deyib ki, bu qətnamənin bizim nəzərimizdə heç bir hökmü yoxdur:

Qabil Hüseynli

“Ümumiyyətlə biz bu tipli qətnamələrə öyrəşmişik. Üzdə insan haqları, demokratiya, siyasi azadlıq kimi dəyərləri ehtiva etsə də pərdəarxasında bu kimi qətnamələr Qərbin siyasi maraqlarına xidmət edir.

İstər Qərb, istərsə də ABŞ illərdir maraqları çərçivəsində hərəkət etməyən ölkələrə qarşı qətnamə qəbul edib, sanksiya tətbiq edir. Artıq bu, adi bir hala çevrilib. Əksər ölkələrdə bu tipli qətnamələri, qərarları keçərsiz sayır. Heç bir ölkə icra etmir. Vəziyyət elə bir hal alıb ki, həqiqətən insan haqlarının pozulduğu ölkələrə belə bu istiqamətdə təzyiq etmək olmur.

Azərbaycanda siyasi məhbuslar var, lakin bu, Qərbin iddia etdiyi kimi, yüzlərlə deyil. Çünki Prezident İlham Əliyev tərəfindən xüsusi günlərdə, bayramlarda əfv sərəncamı verilir və bundan ən çox siyasi məhbuslar yararlanır. Bunu görməmək, eşitməmək açıqca bir qərəzdir. Qərb bu tutumu ilə ancaq rəsmi Bakını özünə qarşı çevirir”.

Turan Rzayev
Globalinfo.az