Geyimə görə marketdən qovulan şəxs haqda şok iddia: “Qadına oxşasa da…”

Gündəmi alt-üst edən məsələlərdən biri də mağazalardan birində xanım müştəriyə geyiminə görə xidmət göstərilməməsidir. Belə ki, Bakıda bir alıcının digər müştərini açıq-saçıq geyindiyi üçün mağazadan qovması ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Bəziləri onun qovulmasını dəstəkləsə də, bir qisim burada vətəndaş hüquqlarının pozulduğunu qeyd edib. Bundan başqa, açıq geyimdə olan şəxsin cinsi azlıq nümayəndələrindən olduğunu deyənlər də var. İddialara görə, bu şəxs trans olub.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu geyimə görə kimisə mağazadan qovmağın yanlış olduğunu bildirib.

Onun sözlərinə görə, bu cür geyimlər bilərəkdən ölkəyə gətirilir:

“Burada iki cür fikir formalaşa bilər: birincisi, kim nə istəyir, onu da geyinir, ikincisi isə bilməliyik ki, bəzi geyimlər cəmiyyətə neqativ təsir etdir, ovqatı dəyişir. Mağazada olan xanım iradını mədəni şəkildə deyə bilərdi. Ümumiyyətlə, son vaxtlar bəzi paltarları bilərkədən dəbə salırlar. Bunun özü də siyasi-sosial texnologiyadır. Ölkədə mədəniyyəti, mənəvi dəyərləri yox etmək üçün belə geyimlərin sayı durmadan artırılır”.

Sosioloq deyib ki, bu cür geyimlər eyni zamanda sonsuzluq yaratmış olur:

“Açıq geyimlər insanların səhhətinə ziyan vurur. Məsələn, qarnı açıq qızların sayı bu gün çoxalıb. İlk baxışdan görünə bilər ki, “özü bilər, istəyər qarnını açar, istəməz açmaz”. Lakin bu geyimlər bir “silah” növüdür. Həmin qızların 80 faizi xəstələnir, onların 50 faizi sağala bilir ki, çoxunun da reproduktiv sağlamlığında (nəsil artırmaya təsir edən orqan) problem olur. Fikir verin, 30 il öncə bu dərəcədə sonsuzluq problemi yox idi. Bu gün artıq qızlarımızın çoxu ailə quranda ana ola bilmək üçün həkim yanına gedirlər. Necə ki, düşmən “patı”nı yayaraq gənclərimizi vurur, eləcə də qəsdlə bu cür paltar yaymaqla nəsli azaldırlar. Daxili İşlər Nazirliyi narkotikin qarşısını almaq üçün addımlar atır, amma geyimin qarşısını almaq olmur axı. “Dəbdir” deyib, axırda insanları bədbəxt edirlər. Biri var, sağlam şəkildə uşaq dünyaya gətirəsən, biri də var, hormonlara təsir edən müalicə sayəsində. Bu, yeni doğulan uşaqlara zərbədir. Ona görə də belə məsələlərə diqqət etməliyik. Lakin küçədə kimisə söyməklə, aşağılamaqla deyil. Düşmənin qurduğu texnologiyalarla özümüz də bilmədən bir gənci küçədə qırmış oluruq. Günah bəzi qurumların, ictimai təşkilatların üzərinə düşür”.

Zaira Akifqızı
Globalinfo.az