Ermənistanda gərginlik pik həddə: Vətəndaş müharibəsi başlayır?

Ermənistanın Tavuş vilayətində etiraz aksiyası davam edir. Etiraz aksiyası zamanı magistral yolu zorla bağlamağa çalışan nümayişçilərlə polis əməkdaşları və hərbçilər arasında əlbəyaxa dava olub. Qarşıdurma zamanı polis etirazçılara qarşı səs qumbarasından istifadə edib. Bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan gərgin vəziyyəti yatırmağa çalışıb.

Qubernator Hayk Qalumyan etirazçıların yanına gələrək kənd sakinlərini radikal addımlardan çəkinməyə razı salmaq istəyib. Lakin ona qulaq asan olmayıb.

Diqqətçəkən məqam isə bunun, ilk belə aksiya olmamasıdır. Bundan öncə də yerli əhali ilə hökumət qüvvələri arasında qarşıdurma olub. Hətta bu cür qarşıdurmalar paytaxt İrəvanda da yaşanır.

Proseslər Ermənistanı vətəndaş müharibəsinə sürükləyir?

Լարված իրավիճակ Երևան-Սևան մայրուղում - infocom.am

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, bu gün Ermənistanda baş verən siyasi proseslər təbiidir:

“Məsələ ondadır ki, erməni xalqı uzun müddət avantürist, reallıqlardan uzaq, tarixi əsası olmayan fikir, ideologiya ilə zəhərlənib. Özü də ideologiyanın təbliğatı aparılaraq nəsildən-nəslə miras kimi ötürülüb.

Söhbət “Türk sənin düşmənindir”, “Dənizdən-dənizə böyük Ermənistan” kimi “ideallardan” gedir. Erməni cəmiyyəti düşünürdü onlar bir gün “Böyük Ermənistan” yaradacaqlar. Bu ideologiya illərlə cəmiyyəti xəstə, kor edib.

Aydın məsələdir ki, reallığı dərk etməyən, gələcəyi yaxşı görə bilməz. Bu gün erməni cəmiyyəti reallığı görür, amma bunu asanlıqla qəbul edə bilmir. Əslində bu etirazlar həm də illərlə onlara deyilən yalana edilən etirazdır.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri ilə regionda reallıqları dəyişdi. Bu həm də erməni yalanlarının süqutu idi. Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin gələcəyi üçün sülhün vacib olduğunu dərk edir. Lakin xalqı buna inandırmaq olduqca çətindir.

Hesab edirəm, erməni xalqı öz gələcəyi üçün sülhdə maraqlı olmalıdır. Davamlı müharibə, gərginlik heç kəsə fayda vermir. Ən əsası, hazırkı vəziyyətdən Paşinyan əleyhdarları istifadə edir. Onlar mövcud vəziyyəti fərqli təqdim edərək revanşist qüvvələri ayaqlandırmaq, mərkəzi hakimiyyətə qarşı üsyan təşkil etmək istəyir.

Bu təşəbbüslər fayda verməyəcək. Yəni Ermənistanda vətəndaş müharibəsi riski yoxdur. Mövcud etirazlar bir müddət sonra səngiyəcək.

Turan Rzayev
Globalinfo.az