Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki son çıxışında İrəvanla Moskva arasında münasibətlərin çətin dövrlərdən keçdiyini etiraf edib. O, ölkəsinin Rusiya ilə münasibətlərdə yanlış addımlar atmadığını vurğulayıb.
“Ermənistan Rusiya ilə mübahisə etmək fikrində deyil” söyləyən Paşinyan Ermənistanın Rusiya qarşısında öhdəliklərini yerinə yetirdiyini bildirib.
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Paşinyan 5 aprel Brüssel görüşündən sonra Rusiya və İranın narahatlığını azaltmağa qərar verib:
“Belə ki, o, ABŞ və Avropa İttifaqından istədiklərini və arzuladıqlarını ala bilmədiyinə görə belə bir qərar verib. Paşinyanın bu sözləri Moskvada müsbət qiymətləndirilib. Rusiya prezidentinin mətbuat katibi Ermənistanı Rusiya Federasiyasının yaxın tərəfdaşı və müttəfiqi adlandırıb. Onun sözlərinə görə, Rusiya-Ermənistan ikitərəfli münasibətlərinin əhəmiyyətini qiymətləndirmək çətindir.
Peskovun iki ölkə arasında tarixi bağlılığa işarə edərək “Rusiya hesab edir ki, Ermənistanla münasibətlərdə bütün mürəkkəb anlar öz həllini dialoq çərçivəsində tapacaq” cümləsini işlətməsi Kremlin Paşinyana yumşaq təzyiq forması kimi qiymətləndirmək lazımdır. Kreml Ermənistanı itirmək istəmir”.
Politoloq deyib ki, Nikol Paşinyan Tehranın da narahatlığını nəzərə alaraq İranın ünvanına xoş sözlər deyib:
Nikol Paşinyan və İbrahim Rəisi
“İrəvan Brüssellə əməkdaşlığı Tehranla münasibətlər hesabına inkişaf etdirmir” deyən Paşinyan bununla İranı sakitləşdirmək istəyib. Paşinyan Ermənistanın Qərblə münasibətlərinin İran əleyhinə olmadığını vurğulayıb. Nikol Paşinyanın Brüsseldəki görüş və müzakirələri Moskvadan fərqli olaraq Tehranı onsuz da narahat etməyib. Doğrudur, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Brüssel görüşünü şərh edərkən Cənubi Qafqazın geosiyasi rəqabət meydanına çevrilməməsi gərəkliyini bildirib.
Aydın məsələdir ki, bunlar ümumi sözlərdir. Tehranın əsas istəyi Ermənistanın Azərbaycan qarşısında duruş gətirməsidir. Əgər ABŞ və Avropa İttifaqı Ermənistanın zəifləməsinin qarşısını alacaqlarsa, bu, Tehranın da maraqlarına uyğundur”.
Turan Rzayev
Globalinfo.az