Xətai rayonunda “Kəlağayı festivalı” keçirildi – FOTOLAR

Bu gün Xətai rayonu Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyətinin, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyin və Kəlağayı Muzeyinin birgə təşkilatçılığı ilə“Sazlı-sözlu Kəlağayı günləri” adlı layihə çərçivəsində keçirilən Kəlağayı Festivalına həsr olunmuş, konsert proqramı, milli atributlarımızı təbliğ edən master-klasslar və kəlağayı sərgisi təşkil olunub.

Globalinfo.az bildirir ki, festivalda Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə,  Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyin  sədri Güllü Eldar Tomarlı, tanınmış müğənnilər, aşıqlar, gənc müğənnnilər, rəqs qrupları, şəhid anaları, sakinlər iştirak ediblər.Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər festivalla bağlı fikirlərini bölüşüb, kəlağayıdan, onun tarixindən danışıblar. Qeyd olunub ki, kəlağayı nənələrimizdən bizə qalan mənəvi mirasdır. Kəlağayıya, əsrlərin sınağından üzüağ çıxıb gələn digər milli-mənəvi dəyərlərimizə diqqət, qayğı, onun yüksək səviyyədə təbliği, tanıdılması bu günkü və gələcək nəsillərin tərbiyəsində, Vətənini, millətini sevən nəsil yetişdirməkdə mühüm məsələdir. Kəlağayı 2014- cü ildə Azərbaycan Respublikasının  birinci vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri Maddi Mədəni İrs üzrə Peprezentativ siyahasına daxil edilib və beynəlxalq səviyyədə tanıdılmasına səbəb olub. Bu il bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, müxtəlif bölgələrdə  silsilə tədbirlər keçirilir və ilin sonuna qədər davam etdiriləcək.

Bədii hissə ilə davam edən festivalda rəsm əsərləri, əl işləri və kəlağayılar sərgilənib.

Belə tədbirlərin keçirilməsində məqsəd xalqımızın milli-mənəvi dəyərlərini gənc nəsillərə tanıtmaq, təbliğ etməkdir, adət-ənənələrimizin, sənətimizin, mədəniyyətimizin, mənəviyyatımızın yaşadılmasıdır.