Orta Dəhliz uğrunda iki müttəfiq qarşı-qarşıya: Paris uduzur, Berlin isə…

Prezident İlham Əliyevin Berlin səfəri yerli və xarici mediada ciddi müzakirə edilir. Səfər bir çox baxımdan diqqət çəkir. Xüsusilə rəsmi Berlin ilə Bakı arasında inkişaf edən münasibətlər, habelə, Almaniyanın Ermənistan ilə Azərbaycan arasında sülhə verdiyi töhfələr səfəri mühüm edir.

Rəsmi Berlin Orta Dəhliz layihəsinə ən çox maraq göstərən Avropa ölkəsidir. Orta Dəhlizin əsas hissəsi isə Azərbaycandan keçir.

Almaniyanın Azərbaycana münasibəti nədən bu qədər fərqli və pozitivdir? Aİ-nin “motor ölkəsi” Bakıya nədən bu qədər yaxınlaşır? Almaniyanın Azərbaycana münasibətini şərtləndirən geosiyasi məqamlar nələrdir?

Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, Fransanın Azərbaycana qarşı münasibəti bu ölkəyə yaraşmayacaq şəkildədir:

“Rəsmi Parisin Bakıya baxış bucağı əslində heç vaxt tam olaraq bizim arzuladığımız şəkildə olmayıb. Bununla belə, Emmanuel Makron hökumətinin dövründə olduğu qədər pis də olmayıb.

Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz Orta dəhliz marşrutunun şaxələnməsini təmin edəcək

Fransa Azərbaycanı Türkiyənin müttəfiqi olaraq görür və buna görə belə aqressiv tutum sərgiləyir. Rəsmi Paris məlum olduğu kimi təkcə Cənubi Qafqazda deyil, Şimali Afrika, Şərqi Aralıq dənizində Türkiyə ilə rəqibdir. Təbii olaraq Paris Türkiyə kimi müttəfiqlərini də özü üçün rəqib, təhdid olaraq görür. Lakin Almaniyanın nə Türkiyə ilə, nə də müttəfiqləri ilə belə bir dərdi, problemi yoxdur.

Ümumiyyətlə Almaniyanın geosiyasi maraqlarını qoruma metodu fərqlidir. Berlin aqressiv tutum yerinə daha çox dinc, sağlam, iqtisadi əməkdaşlığa üstünlük verir. Bu da onu Parisdən fərqli olaraq Bakı nəzdində etibarlı tərəfdaş edir.

Təbii ki, bu məsələnin səthi tərəfidir. Prosesə dərin baxdıqda isə əslində Paris və Berlinin Aİ maraqları çərçivəsində ortaq hərəkət etdiyini düşünürəm. Yəni Fransa “pis polis”, Almaniya isə “yaxşı polis” kimi özünü göstərir. Fransa aqressiv tutumla Aİ-nin siyasi gücünü, Almaniya isə loyal tutum ilə iqtisadi gücünü nümayiş etdirir. Əsil siyasət məhz budur.

Hesab edirəm, Azərbaycan bütün bunları bilir və xarici siyasətini heç də dayaz gedişlər ilə müəyyən etmir. Yəni Almaniya ilə yaxınıq, amma rəsmi Berlinin Aİ üzvü olduğunu da bilirik. Maraqlarımız kəsişmədiyi təqdirdə hər şey qaydasında olacaq”.

Turan Rzayev
Globalinfo.az