Hikmət Mirzəyevi yeni müharibə ilə hədələyirlər: özü də görün kimlər – VİDEO

Aqşin Evrən yazır…

Məlumunuzdur ki, ABŞ Konqresinə 40 Azərbaycan rəsmisinə sanksiya tətbiq olunması təklif edilib. Bu məsələ artıq 1 həftədir ölkənin gündəmindədir. Proseslərin hara getdiyini görmək üçün bir qədər gözlədim, gözlədim, amma gördüm düz bizim Şanlı Ordumuz istiqamətində irəliləyir. Daha doğrusu, irəliləməyə çalışır.

Əvvəla, sanksiya təklifinin zamanlamasına diqqət edək:

1. Bir qədər əvvəl Bakı və İrəvan ilk dəfə ərazi məsələsini masada həll etdi – qan tökmədən, güllə atmadan.

2. Artıq Rusiya sülhməramlıları Azərbaycan torpaqlarını səssiz-səmirsiz tərk edir.

Yazıya hərbi kontekstdə başlamağım səbəbsiz deyil, çünki ehtimal sanksiya siyahısında əsasən zabitlərimiz, xüsusən Quru Qoşunlarının komandanı general-leytenant Hikmət Mirzəyev var.

Ermənistana işğalçı müharibəsində sarsıdıcı zərbələr vurmuş general Mirzəyevin hədəf seçilməsi sözügedən sanksiya layihəsinin gerçək müəllifinin kimliyini ortaya qoyur – erməni lobbisi.

Xatırladım ki, erməni lobbisi, ekspertləri Hikmət Mirzəyevin, həmçinin onun uzun illər rəhbərlik etdiyi Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyəti ilə bağlı daim qarayaxma kampaniyası aparıb, beynəlxalq aləmi “tədbir görməyə” çağırıblar. “Yaşma”nın qadağan olunması üçün dəridən-qabıdan çıxan erməni lobbisi illər ərzində buna nail olmasa da, görünür, post-müharibə dövründə hərəkətə keçib.

Siyahıda yalnız siyasi şəxslərin adı olsaydı, bunun arxasında başqa səbəblər axtarmaq olardı. Amma sanksiya təklifində əsasən hərbçilərin adının yer alması məsələnin kökündə “hərbi yanaşma”nın olduğunu göstərir.

Belə demək mümkünsə, ABŞ Konqresi azı 3 amansız müharibədə, onlarla hərbi toqquşmada iştirak etmiş Hikmət Mirzəyevi yeni “müharibə” ilə hədələməyə çalışır.

Təkcə Hikmət Mirzəyev deyil, siyahıda Ermənistana işğalçı müharibəsində ağır zərbələr vurmuş Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və başqa məşhur generallar da var.

Azərbaycan torpaqlarında terror əməlləri törədən separatçı rejimin və liderlərinin zərərsizləşdirilməsində mühüm rol oynamış bu generalların sanksiya layihəsinə daxil edilməsi təsadüfi deyil.

“Layihə”nin məhz 24 aprel – qondarma “erməni soyqırımı” günü ərəfəsində ortaya atılması məsələnin iç üzünü bütün çılpaqlığı ilə ortaya qoyur. Görünür, ABŞ Konqresi erməni lobbisini belə bir “mükafat”la təltif etmək istəyir.

Bütün bunlara baxmayaraq, sanksiya layihəsinin Konqresdə qəbul edilməsi ehtimalının az olduğunu proqnozlaşdıra bilərik.

Bunun müxtəlif səbəbləri var: təkcə ABŞ və NATO-nun Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq planlarını, Ordumuzun NATO standartlarına uyğunlaşdırılmasını xatırlamaq kifayət edir.

Sülh yoluna qədəm qoymuş, regionda yeni irimiqyaslı müharibənin qarşısını qızıl diplomatiya ilə almış Azərbaycana qarşı “total sanksiya müharibəsi” Vaşinqtonun regiondakı maraqlarına bərpaolunmaz zərbə vuracaq – təbii, əgər “layihə” qəbul edilsə.

Ermənilər “layihə”nin təklif edilməsini Qarabağda guya etnik təmizləmə, soyqırımı, qətliam olması ilə “əsaslandırırlar”. Halbuki hər şeyin lentə alına bildiyi dünyada buna dair bircə sübut da yoxdur. Heç bir qüvvə Azərbaycanın Qarabağda etnik təmizləmə, soyqırımı, qətliam törətdiyini sübut edə bilməz.

ABŞ Konqresi hansısa soyqırım aktına görə kimlərisə cəzalandırmaq istəyirsə, Xocalı soyqırımını törətdiyini öz dili ilə etiraf edən Ermənistanın sabiq prezidenti Serj Sərkisyandan başlaya bilər.