Deputat Zahid Oruc Milli Məclisin aprelin 5-də keçirilən plenar iclasında maraqlı çıxış edib.
Deyib ki, antiterror əməliyyatlarından sonra ələ keçirilən məxfi qovluqlar sayəsində Azərbaycana qarşı törədilən bir sıra teraktların ifşa olunacağını qeyd edib:
“İnanırıq ki, Xankəndidə təslim olan separatçı qüvvələrin ələ keçirilən 35 illik məxfi qovluqları müstəqillikdən bu yana xalqımıza qarşı törədilən terror aktlarını ifşa edəcək. DTX təcridxanasında məhkəməsini gözləyənlər Qarakənd faciəsindən Bakı metrosuna qədər çoxsaylı qanlı cinayətlərin sifarişçilərini dilə gətirəcəklər. Bir vaxtlar Şimali Qafqaza Xattabın ordusu ilə gələnlər indi Ermənistanı hərbiləşmiş zonaya – özü boyda Pankisi dərəsinə çevirir, sərhədlərimizi Avropa kəşfiyyat mərkəzlərinin patrul dəstələri ilə nəzarətə götürməyə çalışırlar”.
Deputatın qeyd etdiyi Qarakənd faciəsi daha çox diqqət çəkir. Bu hadisənin üzərində sirr pərdəsi qalmaqdadır.
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, lokal xarakterli antiterror əməliyyatları fonunda separatçıların ən məxfi yazışmaları, sənədləri, hətta arxiv sənədləri ələ keçirilib:
Qabil Hüseynli
“Bu sənələrdə separatçıların 1990-cı illər və sonrakı işğal dövründə nələr etdiyi, kimlərlə əməkdaşlıq etdiyinə dair məxfi məlumatlar var. Misal üçün, əməliyyatlar zamanı ərazidən külli miqdarda narkotik vasitələr və plantasiya ələ keçirildi. Bunların kimlər tərəfindən əkilməsi, kimlərin sifarişi ilə haralara satılması, gələn pulların hansı xarici ölkə banklarında saxlanmasını müəyyən etmək olar. Bu o baxımdan önəmlidir ki, bu gün həmin çirkli pullar Avropa banklarındadır və erməni lobbisinin, diasporunun gəlir mənbəyidir.
Bundan başqa, separatçıların hansı ölkələr ilə əməkdaşlıq edib, təbliğata kimləri cəlb etdiyini müəyyən etmək mümkündür. Bu gün bir çox avropalı deputatın, konqresmenin, senatorun, hətta dövlət başçısının adı separatçıların məxfi sənədlərində var”.
Q.Hüseynli bildirib ki, mühüm məsələlərdən biri də separatçılara verilən silahlardır:
“Bu silahların hansı ölkələrdən gəlməsi, hansı yollarla separatçılara verilməsi də həmin sənədlərdə qeyd edilib. Ən önəmlisi, həmin sənədlər vasitəsi ilə 1990-cı illərdə separatçıların törətdiyi qətliamlar, faciələrə dair dəqiq məlumatlar əldə etmək olar. Bu, tarixi ədalətin bərpası baxımından mühümdür.
Qarabağdan Ermənistana köçən ermənilərin özləri ilə hansı sənədləri apardıqlarını da bilmirik. Amma mütləq şəkildə geridə işimizə yarıyacaq sənədlər qalmaqdadır”.
Politoloq Elxan Şahinoğlu deyib ki, Xankəndidə ələ keçirilən qovluqlar bir çox sirlərin üstünü aça bilər:
Elxan Şahinoğlu
“Ötən əsrin 80-ci illərinin sonlarına yaxın ermənilər separatçı fəaliyyətə başladılar. Lakin onların necə bu qədər güclənməsi, təşkilatlanması, silahlar ələ keçirib, soyqırımlar törətməsi müəmmalıdır.
Aydın məsələdir ki, həmin illərdə regionda yeganə güc və silah SSRİ qoşunlarında idi. Ermənilərə hansı SSRİ zabitlərinin silah verməsi, nə qədər rüşvət alması, hətta bu işdə onlara sapı özümüzdən olan baltaların kömək etməsinə dair məlumatlar da olmalıdır.
Ermənilərə mütləq şəkildə Rusiyadan başqa ölkələr də dəstək verib. Həmin ölkələrin etdiyi yardımlar məxfi sənədlərdə qeyd olunub. O ki qaldı Qarakənd faciəsinə, bu məsələnin pərdəarxası məqamları hələ də bəlli deyil. Ermənilər mümkündür ki, bu kimi hadisələri də sənədləşdirib, amma onların ələ keçirildiyi bəlli deyil. Bu baş veribsə, mühüm bir prosesin başlanğıcı ola bilər”.
Turan Rzayev
Globalinfo.az