İrana hücum bu tarixdə olacaq: ABŞ və İsrail hazırlıq içində

İran müdafiə naziri Məhəmməd Rza Aştiani Astanada rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşündə deyib ki, Rusiya və İranda baş verən terror aktları ABŞ və digər Qərb dövlətlərinin terror qruplaşmalarına dəstəyinin nəticəsidir.

“NATO-nun şərq istiqamətində genişlənməsindən danışan nazir vurğulayıb ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər ümumi təhlükələri neytrallaşdırmaq üçün assosiasiyanın potensialından istifadə etməlidirlər” – Aştiani deyib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İran rəsmiləri ölkədə baş verən istənilən neqativ hadisədə xarici qüvvələrin iştirakı və pozucu fəaliyyətini görməyə artıq adət ediblər:

“Yəni 1979-cu ildən bəri sanki xarici qüvvələr İranı parçalamaq, orada iğtişaşlar və terror törətmək, iqtisadi tənəzzül yaratmaq, insanları mitinq və küçə yürüşlərinə çıxarmaq üçün var qüvvələri ilə çalışır. Hətta İrana ziyan vurmaq üçün növbəyə dayanıblar.

Xarici düşmən qüvvələrinin İranın daxili işlərinə qarışmaq, orada vəziyyəti gərginləşdirmək üçün ciddi-cəhdlə çalışmaları barədə narrativlər bu vaxta qədər məhz daha çox daxili auditoriya üçün istifadə olunurdu. Yəni İran hakimiyyəti və xüsusi xidmət orqanları daxildəki iğtişaş və narazılıqları yatırmaq üçün bu taktikadan geniş şəkildə istifadə edir, hətta öz hipotezlərini sübut etmək üçün bu xarici qüvvələrə işləyən insanlar adı altında müxalif qüvvələri həbsxanalara atır, edam edir”.

Ekspert deyib ki, indiki halda İran hakimiyyəti daxili auditoriya ilə yanaşı xarici tərəf müqabillərini də bu təhlükələr barədə guya məlumatlandırmaq istəyir:

“Əslində isə görünən budur ki, İran xarici siyasətdə üzləşdiyi uğursuzluqları dəf etmək üçün Çin kimi qlobal güclərdən dəstək almağa ümid edir. İran sözün əsl mənasında ABŞ başda olmaqla koalisiya dövlətlərinin ciddi təzyiqi altındadır və bu təzyiqin bu gün olmasa da sabah partlaq verəcəyinə artıq hamı inanır. Detallı desək, hazırkı beynəlxalq siyasi şərait Amerika Birləşmiş Ştatlarını İsrailin yaratdığı imkandan istifadə edərək İrana hücumdan çəkindirdi. Yəni İranın birbaşa müdaxiləsi və bununla da Amerikanın İrana zərbəsinə nail olmağa çalışan İsrailin qurduğu planlar həyata keçmədi. Yəni Vaşinqton son anda İrana hücum etməkdən çəkindi, amma bu, o mənanı vermir ki, Bayden sona qədər prezident olacaq və ya yenidən prezident seçildikdən sonra İranla münasibətdə əvvəlki fikrində qalacaq. Gözlənilən odur ki, ABŞ-da noyabrda baş tutacaq prezident seçkilərindən sonra İran məsələsi, daha doğrusu İrana hücum variantı gündəliyə gələ və İsrailin arzusu yerinə yetə bilər”.

Ə.İbrahimov deyib ki, İran rəhbərliyi ŞƏT kimi nüfuzlu təşkilatdan özünə dəstəkçi axtarır:

“Amma bu təşəbbüslərin hansı nəticələr verəcəyini proqnozlaşdırmaq mümkün deyil. İran bütün bu canfəşanlığın əvəzinə, qonşularla münasibətlərini normal məcraya salsa, daha yaxşı olardı.

ŞƏT bu gün NATO ilə üz-üzə dayanmağa qüdrəti olmayan bir təşkilatdır və yaxın gələcəkdə bu qüdrətin meydana gələcəyi belə sual altındadır. Buna görə İranın ŞƏT-dən müdafiəçi qismində istifadə etməyə çalışması ciddi nəticələr verməyəcək”.

Turan Rzayev
Globalinfo.az